"Vətən Bağı"nda türk şəhidlər haqda da QR kodlu məlumat lövhələri quraşdırılacaq
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Tərtərdə saldığı "Vətən Bağı"nda türk şəhidlərin də lövhələri qurulacaq.
AFN.az xəbər verir ki, bu barədə İB-nin sədri Emin Tarverdiyev açıqlama verib. O, qeyd edib ki, "Vətən Bağı" Şəhidlər Bağında 10 nəfər türk şəhidimizin də adına şəkilli, QR kodlu məlumat lövhəsi vurulacaq.
"2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsində salınan "Vətən Bağı" Şəhidlər Parkında yaxın günlərdə ağaclara QR kodlu məlumat lövhələri asılacaq. Bildiyiniz kimi artıq 1 aya yaxındı ki, şəhidlərimizin şəkilli və QR kodlu məlumat bazasını yaradırıq. Dünən 2250 şəhidimiz haqqında məlumat sublim materialda hazırlanmaq üçün çapa verildi. Qarşıdakı günlərdə 44 günlük savaş və savaşdan bugünədək, 44 günlük savaşadək Tərtərin bütün, 4 günlük aprel savaşı və general - mayor Polad Həşimovla birgə Tovuzda birgə şəhadətə ucalan 13 şəhidimiz, o cümlədən Türkiyənin azadlığı və müstəqilliyi uğrunda şəhid olan 10 qardaşımızın QR kodlu məlumat lövhəsi parkda ağaclardan asılacaq" - deyə E.Tarverdiyev AFN.az-a açıqlamasında bildirib.
İB sədri qeyd edib ki, bağda Tehrandakı səfirliyimizdə terror aktı zamanı qəhrəmanlıqla şəhid olan səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun da haqqında məlumat lövhəsi olacaq.