“Vətən Bağı” STİB Naxçıvan Səhiyyə Nazirliyindən gələn təşəbbüsü uğurla reallaşdırır
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin şəhidlərimizin adına ağac əkmək, bağ salmaq təşəbbüsü Naxçıvan Muxtar Respublikasında da reallaşır.
AFN.az-a bununla bağlı açıqlama verən İB-nin sədri Emin Tarverdiyev bildirib ki, artıq 200-ə yaxın şəhidin adına MR-in müxtəlif ərazilərində kiçik bağlar salınıb, ağaclar əkilib: “Bilidiyiniz kimi, bizim “Vətən Bağı” layihəmizdə əkilən ağacların üzərində şəhidlərimizlə bağlı QR kodla oxunan lövhə asılır. Bu, Naxçıvan Muxtar Respublikasında əkilən ağaclarda da həyata keçirilib. Artıq 178 şəhidin adına müxtəlif ərazilərdə ağaclar əkilib, QR kodlar quraşdırılıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə baş tutur. Ordan bizə təklif gəlib və biz də bu təklifi sevə-sevə qəbul edib reallaşdırırıq”.
E.Tarverdiyevin sözlərinə görə, Şahbuz rayon Mərkəzi Xəstəxanasının həyətində kiçik bağ salınıb və 35 şəhidin adını daşıyan ağaclar əkilib. Bundan əlavə, Babək rayon Mərkəzi Xəstəxanasının həyətində 61, Ordubad rayon Mərkəzi Xəstəxanasının həyətində 54, Naxçıvan Respublika Xəstəxanasının həyətində 19, Yoluxucu Xəstəliklər Xəstəxanasının həyətində isə 9 şəhidin adına ağaclar əkilib.
E.Tarverdiyev onu da qeyd edib ki, bunlar həm birinci Qarabağ müharibəsində, həm Vətən Müharibəsində torpaqlarımız uğrunda canından keçən şəhidlərimizdir. “Qeyd etdiyim kimi, Muxtar Respublikanın Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bütün xəstəxanaların həyətində "Bir çinar, bir şəhid" aksiyası başlayıb və biz bu işi davam etdiririk. Arzumuz və yerli rəhbərlikdən xahişimiz budur ki, Naxçıvan ərazisində bizə ərazi ayrılsın, bağ salaq, bütün Muxtar Respublika şəhidlərinin adlarına ağac əkək. Bu işləri öz hesabımıza və ilk gündən bizə dəstək olan dostların köməyilə etməyə hazırıq”.
Qeyd edək ki, “Vətən Bağı” təşəbbüsü İB-yə və Emin Tarverdiyevə məxsusdur. Təşkilat Tərtər rayonu ərazisində ayrılan 3 hektarlıq sahədə 4 minə yaxın şəhidin adına bağ salaraq əkilən ağacların üzərində şəhidlər haqda məlumat əks olunan QR kodlu lövhə quraşdırıb. Bağın suvarma sistemi də “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən təmin edilib. Artıq bağdakı ağaclar bar verməyə başlayıb. Bu isə şəhid ailələri üçün bir təsəlli kimi dəyərləndirilir.