Avropa İttifaqı Basel III standartlarını tətbiq etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) qurumları bank sektorunda Basel III standartlarının tətbiqi ilə bağlı razılığa gəliblər.
Avropa Şurası üzv dövlətlər və Avropa Parlamenti (AP) arasında müzakirə edilən Bazel III islahatına uyğunlaşma çərçivəsində Aİ banklarının kapital öhdəlikləri qaydalarına dəyişiklik edilməsinə razılıq verdiyini açıqlayıb.
Müvafiq olaraq Aİ qlobal səviyyədə razılaşdırılmış Bazel III tənzimləmə islahatlarının həyata keçirilməsini başa çatdıracaq. Bununla da Birlik çərçivəsində fəaliyyət göstərən bankların dayanıqlığı artırılacaq, onlara nəzarət və risklərin idarə edilməsi gücləndiriləcək. Banklara bazaya uyğunlaşmaq üçün kifayət qədər vaxt veriləcəyi bildirilib.
Kredit və bazar riski və əməliyyat riski sahələrində təkmilləşdirmələr aparılacaq.
İdarə Heyəti üzvlərinin və maliyyə institutlarının əsas rəhbər işçilərinin uyğunluğunu qiymətləndirmək üçün uyğunlaşdırılmış çərçivə yaradılacaq.
Sektorda idarəetmə müstəqilliyinin qorunması qaydaları dəyişdiriləcək. Bu çərçivədə sektoru tənzimləyən və nəzarət edən qurumlarda çalışmış şəxslər banklarda vəzifə almadan əvvəl müəyyən müddət gözləməli olacaqlar.
Kripto aktivlər üçün də müvəqqəti prudensial rejim qurulacaq.
Bankların ekoloji, sosial və korporativ idarəetmə (ESG) risklərinin idarə edilməsinin təkmilləşdirilməsi üçün qaydalarda dəyişikliklər ediləcək.
Üçüncü ölkə banklarının filiallarına və onların Aİ-də fəaliyyətinə nəzarətə tətbiq edilən minimum şərtlər uyğunlaşdırılacaq.
Sözügedən saziş bu mərhələnin AP və üzv dövlətlər tərəfindən rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Bazel III standartları 2007-2008-ci il maliyyə böhranından sonra sektorun çatışmazlıqlarını aradan qaldırmaq üçün hazırlanmışdır. Bu kontekstdə bankların maliyyə strukturlarını yeni kapital və likvidlik qaydaları ilə gücləndirərək, mümkün yeni qlobal böhranların qarşısının alınması hədəflənib.