Kommunikasiyaların açılması ilə bağlı real irəliləyiş nəzərə çarpmır - Elxan Şahinoğlu
Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.
AFN.az xəbər verir ki, Paşinyan görüşdə diqqətçəkən açıqlamalar verib. O, bildirib ki, Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş var. Baş nazir qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb. O, bundan məmnun olduğunu da vurğulayıb.
Paşinyan həmçinin Ermənistanın təkliflərinin qəbul olunacağına ümid etdiyini bildirərək hökumətinin son iki il ərzində işləyib hazırladığı təkliflərin kompromislərdən ibarət olduğunu qeyd edib.
Politoloq Elxan Şahinoğlu Paşinyanın açıqlamalarını şərh edərkən bildirib ki, yenə ortada çox söz, çox vəd var, real irəliləyiş isə nəzərə çarpmır: "Məsələn, Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir. Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib. Ermənistan rəsmiləri bunun zaman alacağını vurğulayıblar. Yəni yaxın günlərdə hər hansı sənəd imzalansa belə, bu, dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən, İrəvan dəmiryolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək. Bu da vaxt itkisinə səbəb olacaq".