İranda gizlənən Tohid İbrahimbəylinin silahdaşı Bakıda məhkəmə qarşısına çıxarılır


Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunan Tural Haqverdiyev məhkəmə qarşısına çıxarılır. Bu gün, mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası olacaq.


Musavat.com xəbər verir ki, Tural Haqverdiyev İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqla müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmə yaradılıb. Birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, İranda gizlənən Tohid İbrahimbəyli, Rövşən Əsədov, Orxan Məmmədov, Elşad Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən, əsasən, əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilib. Azərbaycan Respublikası vətəndaşları olan üzvlər üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza atmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər götürülüb. Qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkarlanıb.

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hüseynov, Tural Haqverdiyev, Eltun Şükürov və digərləri cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu