“Turan Tovuz”un müdafiəçisi cəzasından danışdı: Bilirdik ki, o təxribatçıdır


AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 30-cu turunda keçirilən "Kəpəz” - "Turan Tovuz” matçından sonra baş verənlərlə bağlı qərarını açıqladı.


Gəncədəki stadionun yararsız olması səbəbindən Qəbələdə baş tutan qarşılaşmanın sonu gərginliklə bitdi. Daim prinsipiallığı ilə diqqət çəkən "Qərb derbisi”dən sonra hər iki komandanın futbolçuları arasında qalmaqal yarandı. İntizam Komitəsinin qalmaqlda cəzalandırdığı futbolçulardan biri də "Turan Tovuz”un müdafiəçisi Tərlan Quliyevdir. AFFA-nın çıxardığı qərara əsasən oyun bitdikdən sonra Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzaya məruz qaldı.

Həmin görüşdə meydana çıxmayan və ehtiyat oyunçular skamyasında ola-ola rəqib futbolçulara təcavüzkar davranış sərgiləyən Quliyev Qaynarinfo-ya açıqlamasında hərəkətinin səbəbini izah edib: "Oyundan sonra qırmızı vərəqə almışdım. Buna baxmayaraq, hakimlərə və hakim-inspektora həmin an baş verənlərin təkrarına baxmağı təklif etdim. Hətta mənə 4 oyunluq cəza verməyi düşünürdülər. Amma etdiyim hərəkəti bilirdim, uşaq deyiləm ki. Bilirəm ki, məsələn, oyundan sonra gedib kiməsə şillə vurmaq olmaz. Həmin anda nə baş vermişdi? Ehtiyat oyunçular skamyasında oturmuşdum, gördüm ki, "Kəpəz”in iki futbolçusu yerə yıxıldı. Həmin yerə yaxınlaşanda qarşıma onların 9 nömrəli futbolçusu (Mate Kvirkviya - red.) çıxdı. Təkcə mən deyil, hamımız bilirdik ki, o təxribatçı futbolçudur. Yəni, belə şeylərə gedə bilər. Bu qarşıma çıxanda sinə-sinəyə gəldik. Elə əlimi boynuna atıb kənara çəkilməsini istəyirdim ki, o özünü yerə çırpdı. Sadəcə, həmin məqam videotəkrarda elə görünür ki, guya onu şilləylə vurub yıxmışam. Halbuki belə olmadı. Düzdür, əlim dəydi, amma onu yerə yıxacaq güclü, sürətli zərbə deyildi. Sadəcə, qarşımdan çəkilməsini istəyirdim. Futbolçu da zamanı "tutuzdurdu” və özünü yerə atdı”.

Onsuz da uzun müddətdir əsas heyətdə yerini itirən və bu cəzadan sonra meydana çıxmaq üçün daha iki oyun gözləmək məcburiyyətində qalan Quliyev cəza ilə razılaşdığını da bildirdi:

"Cəza ilə razılaşıram. İlk növbədə özümə əsəbiləşirəm ki, həmin situasiyada o tərəfə yaxınlaşmamalı idim. Getsəm belə, bunu yüngül sürətlə, gəzə-gəzə etməli idim. Bu səbəbdən özümə heyifsilənirəm. Oynamamağıma gəlincə, probem deyil. Zədə aldım, sonra xəstələndim. Bu normaldır. "Sabah”la oyuna hazırlaşırdım, oynayacağımı əvvəlcədən bilirdim. Öz səhvimdir, qəbul edirəm. Cəzanı da normal qarşılayıram. Uduzanda əsəbiləşmək normal haldır. Düzdür, diqqətli olmaq lazımdır. Bu isə hər dəfə mümkün deyil. Ancaq həqiqətən həmin məqamda rəqibi vurmaq niyyətim yox idi. Olsaydı, yerə yıxılandan sonra sifətinə vurardım”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu