Neymarla PSJ-nin müşaviri arasında QALMAQAL
"Paris Sen-Jermen"in (PSJ) braziliyalı hücumçusu Neymarla klubun idman müşaviri Luis Kampoş arasında baş verən davanın təfərrüatları məlum olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, münaqişə parislilərin Fransa çempionatında "Monako"dan 1:3 hesabı ilə məğlub olmasından sonra baş verib. Bu görüşdə qolları Aleksandr Qolovin, Vissam Ben Yedder (dubl) və Zair-Emeri vurub. Məğlubiyyətdən sonra Neymar soyunub-geyinmə otağında Kampoşa "Mənimlə danışmaq sənə yaraşmaz, sən mənim məşqçim deyilsən" - deyə irad bildirib.
Çempionlar Liqasında "Bavariya"ya məğlubiyyətdən sonra braziliyalının davranışı məsləhətçinin xoşuna gəlməyib. Belə ki, oyundan sonra oyunçu poker turnirində iştirak edib və McDonald's-da görüntülənib.
Xatırladaq ki, daha əvvəl Kampoşun Neymardan qurtulmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Qış transfer pəncərəsində onun keçidi ilə bağlı razılaşmanı tamamlaya bilmədiyi haqda söhbət vardı. "Get French Football News" nəşrinin məlumatına görə, klub hələ də Messi-Mbappe-Neymar üçlüyündən birini satmaq istəyir.
24 turdan sonra PSJ Fransa çempionatında ikinci yerdə qərarlaşan "Marsel"i beş xal, üçüncü pillədəki "Monako"nu isə 7 xal qabaqlayaraq birinci yerdədir.
Bundan əvvəl Jerom Rotin PSJ-ni Messi və ya Neymarı satmağa çağırmışdı.