Ermənistan Türkiyənin vasitəçiliyini qəbul edir?


Rusiyanın vasitəçiliyi mövcud situasiyada nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab vermir. İqor Xovayevin və Lavrovun ardıcıl səfərləri də tərəfləri buna razı salmağa hesablanıb. Lakin mövud şərtlər nə Azərbaycanı, nə Ermənistanı qane edir.


Ermənistan Laçın-Xankəndi yolunun bağlanmasından sonra Qərbin vasitəçiliyinə önəm verir. Azərbaycanın Rusiyadan iki gözləntisi var. Birincisi, Rusiya Vardanyan kartından imtina etməlidir. İkincisi, ötən il oktyabrın 31-də Soçi görüşündə masaya çıxarılmış təkliflər sülh üçün əsas sayıla bilməz.
Qərbin vasitəçiliyinə gəlincə, Brüssel formatı iflasa uğrayıb. ABŞ-ın tərəfləri bir araya gətirmək cəhdləri öz bəhrəsini vermir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Paşinyanla görüşü (bu görüşün Əliyevlə də keçiriləcəyi gözlənilir) Brüssel formatının bərpasına hesablanıb. Ancaq Azərbaycan yalnız Fransanın müdaxiləsi olmadan belə bir görüşün təşkilinə razılıq verə bilər.
Ümumiyyətlə, son zamanlar Azərbaycan və Ermənistan birbaşa sülh təklifləri göndərməklə vasitəçisiz danışıqlara üstünlük verir. Paşinyanın Münhen səfəri öncəsi Ermənistanın sülh təkliflərini Azərbaycana göndərməsi barədə verdiyi açıqlamasında müəyyən manipulyasiya elementləri üstünlük təşkil etsə də, tərəflər arasında birbaşa dialoq formatının gücləndiyinə dəlalət edir. Bu da Rusiyanı narahat edir.
Azərbaycan-Ermənistan danışıqlarında son günlər diqqəti çəkən mühüm məqamlardan biri Türkiyənin vasitəçiliyi ilə üçtərəfli dialoq formatının yaradılması barədə məlumatların artmasıdır. Ermənistan hakimiyyətinin buna nəinki etiraz etmədiyi, hətta Azərbaycana sülh təklifini Türkiyənin vasitəçiliyi ilə təqdim etdiyi bildirilir.
1997-ci ildə Türkiyənin ATƏT-in Minsk Qrupunda həmsədrliyinə dair Azərbaycanın təklifinə veto qoyan Ermənistanın mövqeyini tamamilə dəyişdiyinə dair məlumatlar da var. Yəni Ermənistanın Minsk Qrupunu yeni formatda bərpa etməyə Azərbaycanı razı salmaq üçün Türkiyənin həmsədrliyə gətirilməsi təklifi ilə çıxış etdiyinə dair xəbərlər var. Hər iki halda, Ermənistan Türkiyənin vasitəçiliyini qəbul edir ki, bu da Rusiyanın regionda təsirinin zəifləməsi fonunda böyük geosiyasi dəyişikliyə yol aça bilər. Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın Qərbə inteqrasiyası mümkün olmayacaq. Ona görə də Ermənistan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı humanitar yüklərin daşınması üçün açıqlmış sərhədlərin qapanmasını istəmir. Buna nail olmaq üçün Ermənistan Türkiyənin vasitəçiliyini qəbul etməyə hazır görünür. Yəni Rusiyanın vasitəçilik missiyasını ikitərəfli və Türkiyənin iştirakı ilə yeni yaradılacaq üçtərəfli format əvəz edə bilər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu