Rusiyann Azərbaycanda baş konsulluq açması üçün bu şərti qoymaq lazımdır - ŞƏRH


“Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”.


AFN.az xəbər verir ki, bu təklifi başda Moskvada Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir qrup azərbaycanlı deputatla görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko irəli sürüb. O, iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirərək belə bir maraqlı təkliflə çıxış edib. Siyasi şərhçi Elxan Şahinoğlu Valentina Matviyenkonun bu təklifini şərh edib. Onun sözlərinə görə, şura sədri demək istəyib ki, “baş konsulluğun açılmasına icazə verin, tərəfdaşlığımız daha da güclənsin”.

Bəs bu mümkündürmü?

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan MM-in spikeri Valentina Matviyenkodan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. O da ikitərəfli əlaqələrin yüksək qiymətləndirərək, Rusiyanı Qərblı əvəz etməyə çalışan İrəvana da xəbərdarlır edib: "Vyaçeslav Volodin açıq dedi ki, Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər: Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Kreml bu dəfə Vyaçeslav Volodinin vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərdi. Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur".

E.Şahinoğlu qeyd edib ki, hər şeydən öncə, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi ciddi araşdırılmalıdır. Ekspert ehtimal edir ki, rəsmi Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Bunun da əsas səbəblərindən biri budur ki, Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir: "Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu bizə dərs olub. Ona görə tələsmək lazım deyil".

Politoloqun sözlərinə görə, Rusiya hər nə qədər Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. "Bu, Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir. Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılmasıyla bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsi ilə əlaqləndirmək lazımdır" - deyə E.Şahinoğlu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu