Gedişhaqlarının artırılması gözlənilən idi, amma... - ŞƏRH
Xəbər verildiyi kimi, bu gün Tarif Şurasının qərarı ilə nəqliyyatda gediş haqqı artırılıb. Əslində bu qərarın veriləcəyi gözlənilən idi. Ötən ilin sonlarında daşıyıcı şirkətlərin aidiyyatı qurumlar qarşısında məsələ qaldırmasından sonra belə bir qərar özünü çox gecikdirməməli idi. Ekspertlər də bildirirlər ki, bahalaşma qərarı gözlənilən idi.
AFN.az-ın xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli hazırda nəqliyyatın idarəedilməsində pərakəndəlik olduğunu deyib: "Bundan başqa, zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. "Yeganə çıxış yolunun gedişhaqqının artırılmasıdır" fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var".
Ekspertin fikrincə, ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır: “BakuBus” və Metropolitenlə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır – bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil çünki “BakuBus” avtobusları, Metropoliten isə vaqonları dövlət hesabına alınıb".