Almaniya: Aİ-ABŞ gömrük razılaşması "ağrılı kompromisdir"

Almaniyanın Xarici və Topdansatış Ticarəti üzrə Federal Birliyi (BGA) Avropa İttifaqı ilə ABŞ arasında gömrük rüsumlarına dair əldə olunan yeni razılaşmanı "ağrılı kompromis" adlandırıb.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, qurum bildirir ki, əlavə rüsumlar bir çox alman ticarətçiləri üçün ciddi təhlükə yaradır: "Tədarük zəncirlərini dəyişdirəcək və qiymətlərin artmasına səbəb olacaq".
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, yeni razılaşmaya əsasən, Avropadan ABŞ-a idxal olunan məhsullara 15% rüsum tətbiq olunacaq. Əvəzində Aİ amerikalı məhsullara tarif qoymayacaq. Bu qərar əvvəlki 30%-lik təklifdən sonra kompromis hesab olunur.
Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbayl razılığı alqışlayıb və danışıqlar yolu ilə nəticə əldə olunmasını müsbət qiymətləndirib. O əlavə edib ki, gömrük rüsumları transatlantik iqtisadiyyata zərər vurur və Almaniya açıq bazarlara üstünlük verir.
Tramp bildirib ki, razılaşma bəzi məhsulları əhatə etmir. Avropa polad və alüminiumuna 10%-lik mövcud rüsumlar qüvvədə qalır. Dərman sənayesi məhsulları isə sazişə daxil edilməyib.