ABŞ-dan Laçın yolundakı vəziyyətlə bağlı açıqlama
“Vaşinqton hər zaman Ermənistan və Azərbaycan arasında gərginliyin aradan qaldırılması və hər iki ölkəni sabit nizamlanma yoluna çıxarmaq zərurətini diqqət mərkəzində saxlayıb”.
AFN.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə belə deyib. Prays jurnalistin “Vaşinqton Laçın dəhlizi ətrafındakı vəziyyəti, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan və Ermənistan liderləri arasında son danışıqları, eləcə də Qərbi Avropanın bununla bağlı narahatlığını izləyirmi” sualını cavablandırıb.
“Biz davamlı şəkildə bu iki ölkəni davamlı, hərtərəfli nizamlanma yoluna çıxarmaq üçün gərginliyin azaldılması çağırışının vacibliyinə diqqət yetiririk. Biz burada, Vaşinqtonda bu iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdik. Biz eyni şeyi Nyu-Yorkda BMT Baş Assambleyasında etdik. Bundan başqa, baş məsləhətçimiz Filip Riker hər iki ölkənin rəsmiləri ilə fəal dialoq aparır. Biz mümkün olan hər şeyi edirik. Ən əsası isə bu iki ölkə bu gərginliyi azaltmaq üçün əlindən gələni edir”-deyə Ned Prays bildirib.
M.Vahidli