Son illərdə Mətbuat Şurasına inam, etibar azalıb – Rəşad Məcid (MÜSAHİBƏ)
Azərbaycan Mətbuat Şurası növbəti qurultayına hazırlaşır. Əslində qurultay bir neçə ay əvvəl keçirilməli olsa da, məlum olmayan səbəblərdən gecikdi. Bu arada quruma yeni sədrin seçiləcəyi haqqında da müəyyən informasiyalar özünə yer alıb. Mediada yayılan məlumatlarda yeni sədrin “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcidin olacağı deyilir.
R.Məcid AFN.az-a müsahibəsində qurultay və media ilə bağlı sualları cavablandırıb:
- Rəşad müəllim, Mətbuat Şurasının qurultayı niyə gecikdi?
- Mətbuat Şurasının qurultayı hər 4 ildən bir keçirilir. Sonuncu qurultay 2018-ci ilin mart ayında keçirilib. Bir neçə ay ləngiməyə, məncə, gecikmə demək olmaz. İşlər gedir. Qurultayın vaxtı təyin olunub. Buna görə də mən bunu çox uzun gecikmə saymıram.
- Sədrliyə iddialısınızmı?
- Mən, ümumiyyətlə, heç vaxt heç nəyə can atmamışam. İndi də elə. Hansısa bir işdə iddialı deyiləm. Öz işimlə məşğulam. Mətbuat Şurası fəaliyyətə başladığı gündən bütün qurultayların moderatoru mən olmuşam. Bütün qurultaylarda da İdarə Heyətinə üzv seçilmişəm. Bu dəfə də əminəm ki, media orqanları Mətbuat Şurasının İdarə Heyətinə üzvlüyümə namizədlər sırasında mənim də adımı yazacaqlar. Buna görə əvvəlcədən bütün həmkarlarıma təşəkkür edirəm.
- Şuranın indiyə qədərki fəaliyyətini necə dəyərləndirərdiniz?
- Mətbuat Şurası yarandığı gündən həmişə ictimaiyyətin diqqət mərkəzində olub. Həmişə də fəaliyyəti səmərəli olub. Daim media ilə ictimaiyyət arasında barışığın tərəfdarı olub. Saysız-hesabsız şikayətlərə baxılıb. Son illərdə Şuraya inam, etibar azalıb. Şuranın fəaliyyətində zəiflik müşahidə olunur. Sanki bir az ruhsuz və həvəssiz olub. Ümumilikdə isə sədr Əflatun Amaşovun həlim xasiyyəti insanlar arasında barışığın yaranmasına gətirib çıxarıb.
- Sədr olsanız nəyi necə dəyişərsiniz?
- Əlbəttə, Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov sədr olmaq istəməsə, mənə etimad göstərilsə, Şuranın yaxşı ənənələrini qoruyub saxlamaqla, yeni şəraitə uyğun olaraq daha çevik, fəaliyyət göstərilməsini zəruri bilirəm.
- Azərbaycan mediası haqqında rəy birmənalı deyil. Mediamızda nələr çatışmır?
- Bir çox hallarda mediamızın cəmiyyətin gözündən düşməsinə səbəb elə jurnalistlərimizin özü olur. O qədər bir-birinə qarşı qəzəb, aqressiya nümayiş etdiriblər ki, bu da istər-istəməz cəmiyyətə sirayət edib. Bu gün peşəkar jurnalist adına iddialı olan qeyri-peşəkarlar var ki, mətbuat adına mənfi emosiyalar göstərirlər. Bildiyimiz kimi, Medianın İnkişafı Agentliyi yaradılıb. Cari ildə “Media haqqında” qanun qəbul edilib. Hər halda peşəkar və qeyri-peşəkarın ayrılması bu qanun əsasında baş tutacaq.
- Sizcə, Azərbaycan mediası müstəqildirmi?
- Son 20 ildə Azərbaycan mediasının problemləri haqqında həmişə danışılıb. Azərbaycan mediasının ən başlıca, ən böyük problemi biznes strukturu kimi formalaşmamasıdır. Reklam bazarının məhdud olmasını da buna misal çəkə bilərik . Hazırda jurnalistlər cəmiyyətin ən kasıb təbəqəsi sırasındadır. Əsas problem də iqtisadi problemdir. Medianın müstəqilliyi onun iqtisadi gücü ilə bağlıdır. İqtisadi cəhətdən güclü olan media öz fəaliyyətini, baxışını müstəqil qura bilir.
- Baş Prokurorluğun jurnalistləri çağıraraq xəbərdarlıq elan etməsini siz də birmənalı qarşılamadınız, bununla bağlı açıqlamanız da oldu. Amma sonradan İdarə Heyətində təmsil olunduğunuz Mətbuat Şurası Baş Prokurorluqla birgə mediada islahatlar mövzusunda tədbir keçirdi və bu da birmənalı qarşılanmadı. Siz MŞ sədri olsanız, bu məsələlərlə bağlı mövqeyiniz necə olacaq?
- Mən bu məsələyə ilk gündən fikrimi bildirmişəm. Bu, düzgün deyil. Bunun baş vermə səbəbi də Mətbuat Şurasının özünün tənzimləmə fəaliyyətini zəiflətməsi oldu. Əslində bunu Mətbuat Şurası özü həll etməli idi. Çünki bu onun işi idi. Biz həmişə Prokurorluğun mətbuata xəbərdarlıq etməsinə imkan verməmişik. Bu arada Baş Prokurorluğun xəbərdarlığı ümumi ortamda vəziyyəti gərginləşdirdi. İnanıram ki, yeni Şura formalaşandan sonra biz bu tipli informasiyalara rast gəlməyəcəyik.
- Rəylər var ki, Mətbuat Şurası rəhbərliyində gənc nəsil təmsil olunmalıdır, yenilikçi insanlara ehtiyac var, siz necə düşünürsüz bu haqda? Gənclər idarə edə bilərmi Şuranı?
- İndi yeni nəsil yaranıb. Eyni zamanda yeni media da yaranıb. Yeni nəsil yeni mediada yetişib. Bunların içində də parlaq və tanınan həmkarlarımız var. Çox arzulayardım ki ,yeni idarə heyətində gənclər təmsil olunsunlar. Onlar fəal olmalıdılar ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlük siyahısında onların adı da düşə bilsin. Qurultay nümayəndələri də onlara etimat göstərə bilsin. İnanıram ki, yeni media nümayəndələri, gənc həmkarlarımız idarə heyətində təmsil olunmaq imkanını qazanacaqlar.
Fərahim RƏHİMOV