Andrey Şevçenko: "Vitali Kliçko ilə hər gün ünsiyyətdə oluruq"


"Daha mənim üçün futbol mövcud deyil, bu barədə düşünmürəm, vaxt yoxdur".


AFN.az "Report"a istinadən xəbər verir ki, bunu əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko "Sky Sports"a müsahibəsində deyib.

46 yaşlı mütəxəssis Rusiya ilə müharibə dövründə özünün mənəvi durumundan danışıb: "Kiyev meri Vitali Kliçko ön xətdədir. Biz hər gün ünsiyyətdə oluruq, məni vəziyyət barədə məlumatlandırır. Bütün idmançılar birləşiblər. Danışır, informasiya mübadiləsi edir, ölkəmizə kömək etməyə çalışırıq. Bir çox insan xeyriyyə məqsədilə pul toplamaqdan ötrü zəng edir".

Şevçenko hazırda heç bir idman növü üzrə yarışları izləmədiyini və ölkəsinə kömək etməyə kökləndiyini vurğulayıb. İngiltərənin paytaxtı Londonda yaşayan sabiq hücumçu Ukraynada baş verənləri valideynləri və dostlarından öyrəndiyini dilə gətirib.

O, dünyadan, xüsusən, Böyük Britaniyadan kömək istəyib: "Xahiş edirik, maddi yardım edin. Bu barədə Kliçko da danışıb. Bizə dərmanlar, ərzaqlar lazımdır. Hər cür dəstəyə ehtiyacımız var. Hər bir ukraynalının dünyadan dəstək hiss etməsi vacibdir. Bu, bizə çox lazımdır. Sizi Ukraynada hamı eşidir. Onlar sizin dəstəyinizi hiss edirlər. Bəli, Britaniya hökuməti kifayət qədər iş görür. Amma biz daha çoxunu xahiş edirik. İdman dünyanı dəyişmək üçün inanılmaz gücə malikdir. "Everton"un Vitali Mikolenkonu, "Mançester Siti"nin isə Aleksandr Zinçenkonu dəstəkləməsi inanılmaz idi".

İngiltərənin "Çelsi" klubunun rəhbərliyindəki dəyişikliklər barədə danışmağa hazır olmadığını söyləyən Şevçenko öz ölkəsində baş verənlərə diqqət ayırmağı üstün tutub: "Kiyev "Dinamo"su ilə "Şaxtyor"un futbolçuları birləşərək, "Dinamo"nun təlim-məşq mərkəzində iki gecəni keçiriblər. Qalan oyunçular Ukraynanı tərk etməyə çalışıblar. Onların çoxu Polşa ilə sərhədi keçərək doğma ölkələrinə uçublar".

Ukraynalı keçmiş forvard FIFA və UEFA-nın Rusiya komandalarına tətbiq etdiyi sanksiyanı dəstəkləyib: "Ölkəyə hücum edərək, bomba və əsgər atırsınızsa, bu, münaqişə yox, əsl müharibədir. Müharibə dayandırılmayanadək heç bir rusiyalı idmançını hər hansı idman yarışına buraxmamağı doğru qərar sayıram. Sadəcə, rusiyalılardan xahişim budur ki, meydanlarda savaşın dayandırılması lehinə çıxış etsinlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu