Həmin "X" + Yana xanım "ASAN İmza"dan hər ay təmiz 1 milyon gəlir götürməkdədir - Osman Gündüz


Deyəsən, "ASAN Xidmət"ə dəxli olmayan "ASAN İmza"nın inhisarçılığına son qoyulacaq.


AFN.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. O, qeyd edib ki, "Azİntelecom" yeni nəsil rəqəmsal imza təqdim etməyə hazırlaşır: "RİNN-in elektron imzası mobil olmadığından uzun illərdi ki, xarici resurs olan "ASAN İmza" bizim bazarda hökmranlıq edir.
Bu faktın özü, yəni ölkənin bütün imza infrastrukturunun xarici bir ölkəyə məxsus sistem üzərində "oturması" da absurd bir vəziyyətdir. Ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olanlar da aciz qalıblar bu məsələdə. İmza məsələsində situasiyanı dəyişə biləcək yeni nəsil şəxsiyyət vəsiqələrindəki imzanın aktivləşməsinə də uzun illər kimlərsə imkan vermədi. Vəsiqələr verildi, amma imzalar aktivləşmədi. Müqavimət göstərən kim oldusa, "halal olsun", Prezidentin fərmanının icrasına 10 ildən çox müddət ərzində imkan vermədi. Həqiqətən güclü birisiymiş. Həmin "X" + Yana xanım "ASAN İmza"dan hər ay təmiz 1 milyon gəlir götürməkdədir. Daha bu formada, yəni şəxsiyyət vəsiqəsindəki yeni nəsil imzaya da ehtiyac yoxdur. Artıq əlavə kart vasitəsilə oxunmasına ehtiyac olan bu tip elektron imzaların da dövrü bitib".
O.Gündüzün sözlərinə görə, yeni nəsil imza infrastrukturunun qurulmasına dövlət büdcəsindən də xeyli vəsaitlər xərclənmişdi: "İnfrastruktur quruldu, amma naməlum qüvvələr imzanın tətbiqinə imkan vermədi. Təəssüf ki, cavabdehlər zamanında imzanı tətbiq edə bilmədilər və artıq bu layihə öz əhəmiyyətini də itirib. Güman etmək olar ki, indi "Azİntelecom" məhz bunu nəzərə alaraq daha müasir, rəqəmsal, telefon nömrəsinə bağlı olmayan bir mobil imza təqdim etmək niyyətindədir. Biz dəfələrlə təklif etmişdik ki, bu inhisarçılıqdan qurtaqmaq lazımdır, "ASAN Xidmət" özünə dəxli olmayan brendə sahib çıxmalıdır, eGov Mərkəzi yeni mobil imza infrastrukturu yaratmalıdır. Görünür ki, indi ASAN və RİNN arasında anlaşma olub ki, RİNN bazara yeni imza sistemi çıxartsın. Ümid edirəm bu dəfə xarici və daxili imza inhisarçılarının da müqavimətini qıra biləcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu