Şirkət rəhbərlərinin məhkəməsi başlayıb
Bakıda dələduzluqda təqsirləndirilən “Konstra” MTK-nin təsisçisi Bəsrət Abbaslı, şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşları - Bəsrət Abbaslı ilə Tahir Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
AFN.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.
Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.
Məlumata görə, D.Rəsulov “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Daha sonra o, Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Cinayət işində 100-dən çox zərərçəkmiş var.