Nidalı hücum diplomatiyasından İTİ qovan hərb meydanına – 60 ilə sığan 200 il


Zaman 27 sentyabr 2020.

Buna qədərki Azərbaycan təkcə torpaqları işğal edilən Azərbaycan deyildi, onun prezidentləri də yurd-yuvası talan edilən, insanları didərgin düşən ölkənin rəhbərləri idi. İstənilən işğala məruz qalan ölkənin və xalqın lideri qamətini dik tuta, məğrur dayana bilməz. Bu, psixoloji situasiyadır.


Azərbaycanın siyasi liderləri 30 ilə yaxın müddətdə nə dünyanın, nə xalqın qarşısında qalib sərkərdə kimi dayana bilmişdilər. Və təbii ki, hər siyasi xadim torpaqlarını işğaldan azad etməklə adını tarixə yazdırmaq istəyərdi.
Lakin beynəlxalq şərait, siyasi imkanlar, Qarabağın açarını özündə saxlayanlarla rasional dialoq, ordunun hazırkı gücünün o zamanlar olmaması bizi xalq olaraq 28 il Qarabağdan, prezidentlərimizi ölkə rəhbəri olaraq qalibiyyətdən ayrı saldı.



“Bu hakimiyyət Qarabağı alan deyil” blefi

27 sentyabrdan əvvəlki Azərbaycan süst Azərbaycan idi: bizim hər il Xocalı ah-vayımız, heç bir qüvvənin bizi dəstəkləməməsi təsəvvürü, erməni diasporunun gücü haqda deyingənliyimiz, “Daşnaksütyun” mifi, rus “soldat”ının erməninin yerinə Azərbaycan əsgərinə qarşı döyüşəcəyi ehtimalı, müasir gəncliyimizin kosmopolit olması və vuruşmayacağı skeptizmi, ümidsizlik, pərişanlıq, Qarabağın birdəfəlik itirildiyi, Rusiyanın buna imkan verməyəcəyi məyusluğu yaddaşlardan silinməyib.
27 sentyabra qədər siyasi hakimiyyətin opponentlərinin də 27 il təkrarladığı “Bu iqtidar müharibə etməz”, “Bu hakimiyyət Qarabağı alan deyil” şüarlarını da az qala cəmiyyət qəbullanmışdı. Bu tezisləri kimisi Rusiya və İran faktoru, kimisi beynəlxalq güclərin mövqeyi, kimisi hakimiyyətin iradəsizliyi, kimisi enerji təhlükəsizliyi, Avropaya gedən neft-qaz borularının qorunması ilə izah edirdi.
Və bütün şərhlər, əlaqələndirmələr səhv təsbitlər çıxdı. Məlum oldu ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında hərbi əmliyyatlara veto qoyulmasının səsverməyə çıxarılmasına etiraz edib, yəni rəsmi Bakını dəstəkləyib, Rusiya hərbi-siyasi müttəfiqi olan Ermənistanı hər nə qədər silah-sursat təchizatı ilə təmin etsə də, daha 90-cı illər deyildi, onun yerinə döyüşmədi, Türkiyə, İsrail, Pakistan kimi güclərin hansı cinahda dayandığını aydın şəkildə gördük, həmsədr ölkələrdən ABŞ-ın başı seçkiyə qarışmışdı, Fransanın isə bəyanatları milçək vızıltısından başqa heç bir effekt vermədi, əksinə, Cənubi Qafqazda ən böyük ölkə olan Azərbaycanı itirdi.



Nida ilə pik həddinə çatan hücum diplomatiyasından iti qovan hərb meydanına

Nəhayət, XXI əsrdə ən modern əks-hücum əməliyyatı başladı və son 20 ildə belə səliqəli, entuziazmla dolu müharibə olmamışdı: Əfqanıstan, İraq, Suriya, Liviya bölgələrində baş verənlər daxili savaşlar, terror, vətəndaş müharibələri idi. Yəni bu ölkələrdə iki dövlətin orduları üz-üzə gəlməmişdilər. Yeni tarixdə ilk dəfə iki ordu savaşırdı, yəni Qarabağda Ermənistan-Azərbaycan qoşunları burun-buruna dayanmışdılar.
...Tarix çox müharibələrə, qanlı savaşlara şahid olub: Voterlo, Qızılgül müharibələri, 100 illik müharibə, Xirosima və Naqasakinin xəritədən silinməsi, 2 dünya müharibəsi, İran-İraq döyüşləri və daha nələr, nələr...
Lakin müasir müharibə tarixində heç birinin belə unikal adlandırması yox idi - “Dəmir yumruq” əməliyyatı” və “İtiqovan” əməliyyatı...
Bu, Ali Baş Komandan İlham Əliyevin sərkərdə kimi 44 günlük antiterror əməliyyatlarına verdiyi adlar idi. Tarix, dərsliklər və gələcək nəsillər İ.Əliyevi “İtiqovan” əməliyyatının lideri kimi xatırlayacaqlar. Prezident İlham Əliyevin 2020-ci il 27 sentyabra qədər Qarabağ siyasəti hücum diplomatiyası üzərində qurulmuşdu.
Hərb meydanında Zəfərə kimi Ali Baş Komandan olaraq siyasi arsenalı gücləndirir, beynəlxalq güclərin mövqelərini, xüsusən Rusiyanın bu işğal faktına münasibətini dəyişməyə, Moskvanı neytrallaşdırmağa çalışırdı.
Bu latent siyasət haqda bəzən ictimaiyyətə dolğun, müfəssəl bilgilər verilmirdi, elə hərbi-texniki bazanın gücləndirilməsi, xüsusən İsrail və Türkiyə silahlarının alınması, peykə çıxış barədə müəyyən informasiyalar olsa da, çılpaqlığı ilə deyilmirdi ki, dövlət müharibəyə hazırlaşır.
Halbuki o zaman hakimiyyət israfçılığa görə qınanırdı. İ.Əliyev 44 günlük müharibəni bir addım geri çəkilmədən reallaşdırması ilə sübut etdi ki, hazırlıqların məqsədi nə imiş – Azərbaycan xalqına qələbə bəxş etmək, millətin, ölkənin qürurunu dünyada qaldırmaq, ləyaqət savaşı aparmaq...



Şuşa və Hadrutda gorbagor olan “status”

Əslində İ.Əliyevin hakimiyyəti illərində ərazilərin heç zaman işğal faktı olmayıb, əksinə, işğaldan azadetmə faktı olub: Aprel döyüşləri, Lələtəpə yüksəkliyinin alınması, Cocuq Mərcanlıda həyatın bərpası, Naxçıvan istiqamətində uğurlu əməliyyatlar. Bu müddət ərzində İlham Əliyevin sərkərdəliyi, hərbçilərimizin igidliyi sayəsində bir qarış ərazi də düşmənin nəzarətinə keçməyib.
Ümumiyyətlə, İ.Əliyev 2003-cü ildən bəri Qarabağ məsələsində yüksək mövqe nümayiş etdirib. Onun döyüş meydanında həlledici zərbələrin endirilməsinə rəhbərlik etməsi, həmçinin xarici siyasətin təşkilini həyata keçirən lider olması göstərdi ki, xaraktercə məğlubiyyəti sevməyən, son dərəcə prinsipial siyasətçidir.
Dövlət başçısının 44 gün ərzində nüfuzlu xarici media orqanları ilə müsahibələri, rus və ingiliscə çıxışları dünya ictimaiyyətində İ.Əliyevin reputasiyasını daha da yaxşılaşdırdı.
Beynəlxalq ictimaiyyət ordusu hər gün irəli gedən bir ölkənin liderinin bəyanatlarına şahid idi. Ali Baş Komandan 44 gündə heç nəyi xalqdan gizlətmədi, baş verənləri olduğu kimi izah etdi, ona təzyiqlərin varlığını da dilə gətirdi. Asan deyildi...
Lakin Ali Baş Komandan nəinki status-kvonu dəyişdi, nəinki təmas xəttini ləğv etdi, həmçinin ermənilərin “status”a olan ümidini dəfn elədi, milli-mədəni muxtariyyat arzularını gorbagor etdi. Hərçənd 1994-cü ilə qədər ermənilərə bu təkliflər verilmişdi.



“Rəis”dən “tvit” gözləntiləri və Əliyevin üzümüzü güldürməsi

Bu zəfərin məşhur replikaları da ədalət naminə İ.Əliyevin adına çıxarılmalıdır: “Bəs deyirdin verməyəcəyik, Paşinyan”, “Nə oldu Paşinyan”, “Gorbagor oldu status, cəhənnəmə getdi status” kimi sözlər müharibə zamanı daxili auditoriyanı riqqətə gətirən, cəmiyyəti ruhlandıran, qapılara şəhid tabutları gedə-gedə millətə təsəlli verən bəyanatlar idi. Xalqın şəhidlərinə görə bir üzü ağlayırdısa, o bir üzünü Ali Baş Komandanın az qala hər gün qələbə tvitləri, çıxışları güldürürdü.
Xalq tvit olmayanda, “Rəis, bir tvit at” deyə Ali Baş Komandana səslənirdi. Və Əliyev sona qədər getdi - “Şuşasız bu iş yarımçıq qalar” deyərək xalqa öncədən mesaj verdi ki, Azərbaycanın ləyaqət qalası azad olunacaq.
Amma müzəffər Ordumuz və onun Ali Baş Komandanı təkcə Şuşanı azad etmədi, ermənilərə od qoyan, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əsrarəngiz bölgəsi olan Xocavəndin Hadrut qəsəbəsini işğalçılardan silib-süpürdü. Bu, statusun gorbagor olmasının rəsmiləşməsi idi.



Xankəndinə girsəydik nə olardı?

Geridə qalan müddət ərzində bəzən cəmiyyətdən, siyasətçilərdən fikirlər səslənir ki, Şuşaya girməsək də olardı, gərək Xankəndi götürülərdi. Lakin siyasətbazlar, hadisələrə bəsit yanaşanlar, dünya güclərinin təzyiq imkanlarının hansı səviyyədə olduğunu təsəvvür edə bilməyənlər yalnız bu cür danışa bilərlər.
Əvvəla, əgər ordu Xankəndində qalsaydı, hətta orada mülki erməni əhalisi olmasa belə, Azərbaycan Cenevrə Konvensiyasını pozmaqda, etnik təmizləmə siyasəti aparmaqda ittiham olunacaqdı. İndi gəl, növbəti qondarma erməni soyqırımı damğasının qarşısında duruş gətir, gəl dünyanın ağzını yum görüm, necə yumursan?!
Elə ilk genosid bağıran Rusiya olacaqdı, ardınca Fransa və Avropa Birliyi, daha sonra BMT-də qətnamələr qəbul olunacaq, Azərbaycan 44 gün apardığı haqlı müharibəsinin yekununda haqsız vəziyyətə salınacaqdı. Lakin İlham Əliyevin növbəti yüksək erudisiyası, peşəkar diplomatik siyasəti bu ittihamlardan bizi yayındırdı, zamanında “tələ”dən xilas olduq.
Hətta rus qoşunları Ukrayna və Gürcüstan kimi bizim ərazilərə də daxil ola bilərdi. Amma Prezident İlham Əliyevin mühüm xidməti Rusiyanı bu məsələdə neytrallaşdırmaq oldu. Beləliklə, Qarabağı rusun caynağından çıxardıq.
Nəticə göz qabağındadır: Şuşa bəyannaməsi, Brüssel platformasında Prezidentin möhtəşəm qarşılanması, Minsk Qrupu, “status” çağırışları olmadı, yerdə qalır yuxarı Qarabağda suverenliyin təmin olunması mezanizmini həyata keçirmək...



Prezidentin “artsax” planı və məcburetmə əməliyyatı...

Ancaq diqqət edək, İ.Əliyev daha çox nəzərləri Qarabağın içərisindən çıxarmağa üstünlük verir: dövlət başçısı Xankəndi və ətrafda sülhməramlıları qalxan edərək separatçıların hələ də orada yuva salmasını hamımızdan yaxşı bilir.
Lakin hər çıxışında Zəngəzur deyir, kommunikasiyalar söyləyir, Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı qrafik istəyir, İranın nalayiq siyasətinə geriyə addım atmadan Gorus-Qafan yolunda post qurmaqla cavab verir, Brüsseldə Zəngəzur dəhlizi “dəhliz” statusu almayacaqsa, Laçın dəhlizində də Azərbaycanın gömrük postunun qurula biləcəyini xatırladır.
Deməli, heç də hakimiyyətin siyasi tənqidçilərinin söylədiyi kimi iş aparılmır, İ.Əliyev daha qlobal, daha beynəlxalq mətləbləri reallaşdırmaq niyyətindədir; yolların açılmasından sonra daxildə bir küncə sıxılmış və cəmi 4 faiz ərazidə məskunlaşmış araikləri, balasanyanları, “artsax” quldurlarını təmizləmək, vaxtı çatanda isə rus qoşunlarına zərurət olmadığı üçün getmələrini söyləmək mümkün olacaq. Və əgər Zəngəzur dəhlizi olmasa, Laçında gömrük qurmaqla Xankəndinə gedən yolu nəzarətimizə götürəcəyik. İ.Əliyev isə hələ bir neçə ay əvvəl demişdi ki, Ermənistan razılaşmasa, Zəngəzur dəhlizini açmağa məcbur edəcəyik.
Baxın, indi də “Dəmir yumruq” azadetmədən məcburetmə əməliyyatına keçid edib və Brüsseldə əldə edilən razılaşmalar, Naxçıvana quru yolun açılması, dəmiryol xətlərinin bərpası prosesi məhz 44 günlük müharibənin, Xankəndiyə girmədən hücumları üzərimizdən dəf edib hadisələrin axarını Ermənistanın içərilərinə yönəltməyimizin göstəricisidir. Bunları etməsəydik, Qarabağın dağlıq hissələrində ilişəcəkdik.



Başımızı beynəlxalq tribunalarda uca edən lider

27 sentyabra qədər olan vəziyyəti də müqayisə edək: Minsk Qrupu, Kazan, Lavrov Madrid prinsipləri adı altında 5 rayonun azad edilməsi və Dağlıq Qarabağa keçici status təklif olunurdu.
Həmin 5 rayonun 3-ü verilirdi, ikisi bilinmirdi ki, konkret nə zaman təhvil veriləcək. Lakin cəmi ay yarım ərzində torpaqlar düşməndən təmizləndi.
Əgər müharibə davam etsəydi Laçın və Kəlbəcərdə ağır döyüşlər aparmaq lazım gələcəkdi, Ağdam kimi ən çox istehkamların qurulduğu və minaların olduğu ərazidə döyüşməliydik.
Bu, yeni itkilər və yeni hərbi xərclər demək olacaqdı. Ancaq iki pisdən ən yaxşı pisi seçməli olduq. Şuşanı, Dağlıq Qarabağın ən prinsipial ərazisi Hadrutu azad edik.
Beləliklə, çoxdan deyilmiş həqiqətə nail olduq - Şuşa kimdədirsə, Qarabağ onundur. Qarabağın taleyi demək olar ki, həll olunub. Bütün bu ağıllı siyasətin memarı Ali Baş Komandan idi.
Brüssel görüşündə onun təcrübəli diplomat olması bir daha özünü göstərdi və üstünlük qazandırdı. Ermənilər hiyləgər plan qurmuşdu, amma İ.Əliyevin diplomatik hünəri o məkrli planın alt-üst edilməsinə gətirib çıxardı. Hazırda Zəfərin meyvələrini yemək üçün proses gedir. Düzdür, sülhyaratma çox çətinliklərlə irəliləyir, amma irəliləyir.
Azərbaycan diqtə edən tərəfdir, ölkənin Prezidenti bütün beynəlxalq tribunalarda başımızı uca edir, ən narahat olduğumuz Brüssel zirvəsindən də qalib kimi qayıtdı və sübut etdi ki, Tanrı istər Soçi, istər Brüssel masasında olsun, haqlının, ədalətli siyasət aparanın yanındadır.
Cənab Ali Baş Komandan, Siz işğal dövründə hər zaman doğum günlərinizi məcburi köçkünlərlə qeyd etmisiniz. Daha Zəngilan bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir.
İndisə torpağı işğal edilən ölkənin Prezidenti deyilsiniz, qalib ölkənin, bu xalqa ordusu ilə Zəfər gətirən dövlətin Ali Baş Komandanısınız. Son yüz illərin tarixində Siz yeganə rəhbərsiniz ki, hakimiyyətiniz dövründə bir qarış torpağımız işğal edilməyib, əksinə, işğal altında olan torpaqlarımızı yağı düşməndən təmizləmisiniz! Sizə və bizə zəfər yaraşır, 60 illik yubileyin ən böyük hədiyyəsi elə Qarabağ qalibiyyətidir!!! Qalibiyyətiniz, Gününüz mübarək!

AFN-in Analitik şöbəsi









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu