Tərtərçay hövzəsində qum-çınqıl çıxaran karxanalar bağlanıb


“Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında keçirilən nəzarət tədbirləri zamanı 12 qum-çınqıl karxanasının istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işlərinin aparıldığı faktları aşkar edilib”.


AFN xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Tərtərçay hövzəsində qum-çınqıl karxanalarının fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı danışarkən deyib.

Agentliyin sədri qeyd edib ki, sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulub, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb.

“Qeyd edilən pozuntularla bağlı “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunların müvafiq maddələrinə əsasən sözügedən karxanaların yerin təkindən istifadə hüququna Agentliyin İdarə Heyətinin qərarı ilə xitam verilib. Agentliyin qəbul etdiyi qərarların məqsədi çay hövzəsində bərpası mümkün olmayan mineral resursların səmərəli istifadəsinin təmin edilməsi, onların tükənməsinin qarşısının alınması, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasıdır”, - S.Qurbanov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu