Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi
Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Bu barədə təşkilatın yaydığı məlumatda deyilir:
“İddiaçıya (Azərbaycan – red.) görə, Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətlərinə yol verib və bu hərəkətlərinə davam etməkdədir. İddiaçıya görə, Ermənistan həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və Azərbaycan əleyhinə nifrət və etnik zorakılığı qızışdırır, azərbaycanlılara qarşı nifrət nitqi və irqçi təbliğat hökumət səviyyəsində aparılır.
Azərbaycan iddia ərizəsində bildirilib ki, Ermənistanın etnik təmizləmə və nifrəti alovlandırma siyasəti azərbaycanlıların hüquq və azadlıqlarını sistemaitk şəkildə pozur. Azərbaycan əlavə edir ki, tərəflərin danışıqlar aparmaq cəhdləri son 10 ayda çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən iddiaçı məhkəmədən Ermənistanı yol verdiyi pozuntulara görə məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edir. Həmçinin, müvəqqəti tədbirlərin görülməsi də xahiş olunur”, - deyə məlumatda qeyd edilir.