Murovdağ tuneli xəbəri ilə bağlı agentlikdən açıqlama
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı xəbərlərə münasibət bildirib.
Açıqlamada bildirilir ki, tunelin qısa müddətdə inşası mümkün deyil:
"Məlumat üçün bildirək ki, tunelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür.
Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir. Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub”.