FHN-in inspektoru dələduzluğa və rüşvətə görə həbs edilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Quliyev Elvin Afiq oğlu FHN-nin Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib.
Bu məqsədlə 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq dələduzluq edib, bu əməli ilə də F.Hüseynovu rüşvət verməyə təhrik edib.
Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.