Azərbaycanda sabiq vəzifəli şəxs məhkəmə zalında həbs edildi
AFN Pravda.az-a istinadla xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Ramil Əliyev dərhal iclas zalında həbs edilib.
Rəsmi məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyev işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alıb.
Aparılan istintaqla Ramil Əliyevin ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.