Qarabağda atəşkəs pozuntuları niyə baş verir? - ŞƏRH


Əgər Qarabağda atəşkəs pozuntuları Rusiya komandanlığının bilgisi və iradəsi daxilində baş verirsə, bu halda ağıla 2 ehtimal gəlir.


AFN xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, bu ehtimallardan biri odur ki, bölgədə mövcud olan qanunsuz silahlı dəstələrin və Ermənistan ordusunun sülhməramlı əməliyyata, ümumən sülh quruculuğuna mane olması rəyini yaradıb, bu problemi aktuallaşdıraraq birincilərin tərksilahına, Ermənistan hərbçilərinin isə ölkələrinə göndərilmələrinə zəmin hazırlanır, bu barədə Azərbaycan və Rusiya arasında razılaşma var: "Birinci ehtimalın əksi olan ikinci versiya budur ki, Rusiyanın Azərbaycandan hansısa gözləntiləri var və Moskva Azərbaycan dövlətinin və xalqının ən həssas olduğu Şuşa istiqamətində təzyiq yaradaraq Bakıya xəbərdarlıq siqnalı göndərir. Amma bu ehtimalı da tam istisna etmək olmaz ki, atəşlər Rusiya sülhməramlılarının bilgisi, iradəsi xaricində baş verir və məqsədyönlü provokasiya deyil, siyasi mahiyyət daşımayan sıradan hadisələrdir.
Maraqlı məqamlardan biri budur ki, atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz hər hansı açıqlama ilə çıxış etmir. Atəşkəs pozuntuları, bu pozuntulara hansı tərəfin yol verdiyi Mərkəzdə qeydə alınırmı? Yəqin ki, alınır. Buna qarşı hansısa tədbir görülürmü? Bilmirik. Açıqlama verilməməsi oradakı Rusiya və Türkiyə təmsilçiləri arasında bu barədə konsensus olmaması ilə izah oluna bilər. Çünki Rusiya Müdafiə Nazirliyinin açıqlamasında pozucunun ünvanı göstərilmir, “Şuşa şəhərindən şimal-qərbdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atəş” qeydə alındığı deyilir.
Yeri gəlmişkən, bu açıqlama ilə Rusiya Qarabağda Ermənistan ordu birliklərinin mövcud olduğunu rəsmən qeyd etmiş olur. Əgər yuxarıda yazdığım 1-ci versiya reallaşırsa, problem yoxdur. Yox, əgər 2-ci və bizim ehtimal etmədiyimiz başqa xoşagəlməz mətləblər varsa, onda narahat olmağa dəyər. Aydındır ki, Ermənistan ordusunun Azərbaycan ərazisində mövcudluğu tam qanunsuzdur, bunu heç söyləməyə ehtiyac yoxdur. Amma digər yandan, 10 noyabr Bəyanatının 1-ci maddəsində yazılıb:
“10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.”
Bu maddə açıq şəkildə deyir ki, Ermənistan (ordusu) Dağlıq Qarabağda tutduğu mövqelərdə qalacaq. 4-cü maddədə isə yazılıb:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”
Rus dövlət ağlı bu sənədə hər ehtimala qarşı həm gec partlayan minalar, həm də istənilən tərəfə yozmaq, şərh etmək mümkün olan ziddiyyətli, ikimənalı cümlələr yerləşdirib. Sərhəddəki gərginliklərə gəldikdə isə bunu Azərbaycan dövlətinin güc mövqeyindən siyasət aparması və qarşı tərəfi basqı altında saxlayaraq ona öz şərtlərini diktə etməyə çalışması kimi izah edərdim".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu