Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq
AFN-in əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.
Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.
Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.
Tədris ili ərzində şagirdlərin qrupdan çıxması ilə bağlı qrupda şagird sayının azalması onun fəaliyyətinin davam etməsinə təsir göstərməyəcək.
Qrupun işinin təşkili və idarəolunması qaydası da müəyyənləşib. Belə ki, qrupda məktəbdəki növbəlilikdən asılı olaraq dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda şagirdlərin proqram materiallarını səmərəli mənimsəmələrinə dəstək məqsədilə ev tapşırıqlarının yerinə yetirilməsinə istiqamət veriləcək, şagirdlərə müstəqil öyrənmə bacarıqları aşılanacaq, cütlükdə və kiçik qruplarda öyrənmə təmin ediləcək.
Qrup beşgünlük iş həftəsi ilə fəaliyyət göstərəcək, onun iş rejimi məktəbin direktorunun əmri ilə təsdiq ediləcək. Məktəbin direktoru qrup üçün lazımi şərait yaradılmasına və qrupda təlim-tərbiyə işinin ümumi təşkilinə, uşaqların sağlamlığı və onların təhlükəsizliyinə məsuliyyət daşıyacaq.
Qrupda şagirdlərin hərəkət aktivliyi (gəzinti, hərəkətli və idman oyunları) təmin ediləcək, əlverişli hava şəraitində açıq havada gəzintinin və məşğələlərin müddəti ən azı 1 saat təşkil edəcək.