Mikayıl Cabbarov nədən qorxur? – "qənaətcil" iqtisadiyyat nazirinin media-monitorinqinə yüz minlər xərclənir


Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edildikdən sonra onunla bağlı mediada gedən yazıların, məlumatların çox ciddi monitorinqi aparılır. Bu monitorinq o səviyyədədir ki, hətta mən deyərdim belə bir monitorinq yalnız Prezident Administrasiyasında, DTX-da aparıla bilər.


Bunu AFN-ə açıqlamasında İT sahəsində çalışan şəxslərdən biri deyib. Həmsöhbətimiz bildirir ki, M.Cabbarov haqda mediada gedən materialların toplanması, incələnməsi üzərində böyük bir komanda işləyir və yüz minlərlə pul xərclənir. “Siz jurnalistsiniz, araşdıra bilərsiniz ki, bir nazir üçün bu qədər ciddi monitorinq nəyə gərəkdir? Üstəlik, məhz nazirin adına bağlı yazılardan gedir söhbət. İqtisadiyyat Nazirliyinin əhatə etdiyi sahələr üzrə də məlumatların toplanması, monitorinqi aparılır sözsüz ki, amma əsas diqqət məhz Mikayıl Cabbarovun adının hansı yazıda necə hallanmasına yönəlib” – deyə mütəxəssis bildirir.

Xatırladaq ki, bir neçə gün əvvəl saytımızda M.Cabbarovun hakimiyyət daxilində özünə komanda yığması, özünü gücə çevirmə istiqamətində fəaliyyət göstərməsi haqda yazmışdıq. Redaksiyamıza daxil olan yuxarıdakı məlumat həmin yazıda qeyd edilənlərin nə qədər düzgün olduğu istiqamətində bir daha qənaət formalaşdırır. Bundan əlavə, M.Cabbarovun heç də “duru sularda üzmədiyi” son günlər tez-tez gündəmə gəlir. Onun hətta 44 günlük Vətən Müharibəsi iştirakçılarına əlilliyin verilməsi məsələsində tapşırıqlarının olması məsələsi müzakirə olunur. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bu barədə artıq neçə dəfə çağırış edib. Həmkarımız bildirir ki, M.Cabbarov büdcəyə qənaət məqsədilə hərbiçinin maaşını, Qazinin yaralanma və əlillik dərəcələrini azlatmaq və ya ləğv etmək yolu tutub: “Başqa mənbə tapın qənaət üçün! 25 ildir Qarabağ əlillərinin sığorta pulu verilmir! Verilmək ərəfəsində də Qazilərin əlillik dərəcəsini kəsdirməyinizi dəqiq bilirik artıq! Nədir, nədir sığorta pulu az adama verilsin!”

Hərbçiləri, Vətən üçün sağlamlığından keçən insanları qənaət adı altında dövlətdən narazı salan iqtisadiyyat naziri özü üçün monitorinq qrupu saxlamağa səxavətlə pul xərcləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu