Azərbaycanda gündəlik 50-100 jurnalistin vaksinasiyası planlaşdırılır
"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Belə planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Hələlik bu günə olan məlumata əsasən, peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır. Birmənalı olaraq, dünyanı bürüyən bu virusdan qorunmaq üçün peyvənd olunmalıyıq", - o bildirib.
Qeyd edək ki, bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulur.