Aprelin 5-də bu müəssisələr bağlanıla bilər - AÇIQLAMA
Azərbaycanda yoluxanların və ölənlərin sayı artan dinamika ilə davam edir. Elə bu səbəbdən də yenidən qapadılmaların olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta aprelin 5-dən sonra restoranların, gözəlik salonlarının və geyim mağazalarının yenidən bağlanacağı da iddia edilir. Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda son dövrlərin yoluxanların və ölənlərin sayının kəskin narahatedici məqamdır: "Reanimasiyalarda ağır xəstələrin sayı durmadan artmaqdadır. Əgər sərt tədbirlər görülməsə yoluxanların və ölənlərin sayı artma dinamikası davam edəcək. Bilirsiniz ki, artıq ölkəmizdə Britaniya ştammına yoluxanlar da var. Koronavirusun bu növü daha tez yoluxuculuq qabiliyyətinə malikdir.Qaldı ki, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Operativ Qərargah epidemioloji vəziyyəti analiz edərək karantin rejimi ilə bağlı düzgün qərarı qəbul edəcək.
Düşünürəm ki, birinci və ikinci dalğada olduğu kimi yoluxma sayını artmasına səbəb olacaq müəssisələr yenidən qapadıla bilər. Hətta "evdə qal" karantini və "sms icazə" sisteminin geri qayıtması qaçılmaz olacaq. Aprelin 5-nə kimi yoluxma dinamikası bu cür artma dinamikası ilə davam edərsə, gözəlik salonları, restoranlar və xırda ticarət mərkəzləri yenidən bağlanıla bilər".