Bu dəhlizlərə Ermənistanın ehtiyacı yarandığını artıq Paşinyan da anlayıb - MÜZAKİRƏ


Ermənistanın baş naziri Nikol Paşinyan misi Ermənistanın “nefti” adlandırıb. Onun sözlərinə görə, bu məhsulu ixrac etmək üçün ölkəyə dəmir yolu lazımdır. “Əgər müharibədən sonrakı dövrdə dəmir yolu kommunikasiyalarının açılmasına nail ola bilsək, bizim "ikinci neft"dən effektiv istifadə etmək imkanımız olacaq", - deyən Paşinyan əlavə edib ki, kommunikasiyalardan istifadə imkanı Ermənistan və Azərbaycan üçün qarşılıqlı olmalıdır. Ermənistan ixrac əməliyyatlarını həyata keçirmək üçün hansı yolu seçməlidir?




Hərbi ekspert Ədalət Verdiyev AFN-ə açıqlamasında bildirdi ki, son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla əlaqələrin, kommunikasiya dəhlizlərinin açılması ilə bağlı verdiyi bəyanat heç də təsadüfi deyil: “Onun bəyanatından belə məlum olur ki, Ermənistan kommunikasiya xətlərinin açılması və yol infrastuktur layihələrinin həyata keçirilməsi ilə ölkələrarası loqistikanın bərpasında maraqlıdır. Paşinyan paralel olaraq Ermənistanın gələcəyə başqa bucaq altında baxması ilə bərabər, qonşuların da Ermənistana münasibətinin dəyişməsinı təklif edir. Burada qonşular dedikdə, təbii ki, Paşinyan Gürcüstan, Azərbaycan və Türkiyəni nəzərdə tutur. Bu bəyanat nə ilə bağlıdır və niyə məhz baş nazir bunu indi səsləndirir? Paşinyanın hakimiyyətdə olduğu dövrdə belə bir bəyanata rast gəlməmişik. Demək ki, bu dəhlizlərə Ermənistanın ehtiyacı yarandığını artıq Paşinyan da anlayıb. Buna Ermənistan ərazisində aşkarlanan mis yataqları da təsir edib. Bu yataqların aşkarlanması Ermənistanı tələbatından artıq miqdarda əldə olunacaq məmulatların qonşu ölkələrə, o cümlədən də Avropaya ixracı üçün marşrutlar axtarmaq məcburiyyətində qoyur. Dolayısı ilə desək, Paşinyan burada Zəngəzur dəhlizini Azərbaycana verməklə İcevan-Qazax üzərindən Gürcüstana ən qısa yolla birləşməyi də nəzərdə tuta bilər. Baş verən hadisələr fonunda, Paşinyanın təkrar seçiləcəyi təqdirdə, qapalı dəhlizlərin yaxın gələcəkdə açılması ilə əlaqədar elə bir problemin yaranacağını düşünmürəm. Bəlkə də bu barədə açıqlanmayan razılaşmalar da artıq imzalanıb. Paşinyanın bəyanatı isə erməni audiotoriyasını gələcək hadisələrə hazırlamaq məqsədi daşıyır”.



İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, istənilən resursların üzə çıxarılması üçün investisiya, kapital qoyuluşu tələb olunur: “Hər hansı bir ölkənin konkret resurslara malik olması hələ o demək deyil ki, həmin ölkə bu resursları üzə çıxarıb satışa vermək, yəni realizə etmək qabiliyyətindədir. Müqayisəsi düzgün deyil, ancaq 1994-cü ildə Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi”ni xatırlatmaq istərdim. Azərbaycan tarixən neft ölkəsi kimi tanınır və təbii resursları sovet dövründə istismar olunub. Ancaq bununla yanaşı, Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra ölkə iqtisadiyyatını qaldırmaq, investisiya cəlb etmək, xaricilərin buraya gəlib kapital qoymasını təmin etmək üçün biz “Əsrin müqaviləsi”ni imzaladıq. Birinci növbədə neft-qaz resurslarımızın üzə çıxarılması üçün ölkəyə investisiya qoyulmasının təmin olunmasına əl atdıq. Çünki başqa əlac yox idi. Biz nə qədər zəngin neft ehtiyatına maılik olsaq, tarixən neft ölkəsi kimi tanınsaq da, Azərbaycanın elə bir imkanı yox idi ki, Xəzər dənizində Azəri-Çıraq-Günəşli yatağından nefr resurslarından maksimum dərəcədə istifadə edə bilək. Ermənistanda mis yataqları, yaxud digər yataqları da ola bilər. Bu barədə pafosla çox danışmaq mümkündür. Ancaq həmin resursların üzə çıxarılması üçün xarici investorların bura gəlməsi mümkündürmü, Ermənistan hökuməti bunu necə təşkil edəcək? Çünki istənilən xarici investor həm də stabil, siyasi sabitliyi olan ölkəyə kapital qoyur. Ancaq bu gün Ermənistana baxsaq görərik ki, siyasi sabitlik yoxdur. Bu siyasi sabitsizlik şəraitində hansı qərb şirkəti gəlib oraya investisiya qoya bilər?! Biz ərazilərimizi erməni işğalçılarından azad etmişik və həmin ərazilərin özü bir sıra təbii resursalara malik zonadır. Orada bizim qızıl, dəmir, filiz yataqlarımız var. Ermənistan qızıl yataqlarından işğal altında saxladığı müddətdə istifadə edib. Xarici şirkətlər oraya necə gəlib? Həmin xarici şirkətlərin kimlər olduğunu, başında duranları araşdıranda görürük ki, bunlar əslində milliyyətcə bilavasitə ermənilərin özlərindən olan şəxslərdir və Ermənistana bu və ya digər dərəcədə yaxın olan şirkətlərdir. Dünya biznes çapında çox da imicə malik olmayan şirkətlərdir. Gəlir və işğal altında olan ərazilərdə talançılıqla məşğul olur. İndi Azərbaycan hökuməti bununla bağlı təzminat qaldırıb və inşallah gələcəkdə müvafiq məhkəmələr yolu ilə biz həmin o şirkətlərdən təzminatımızı almağa çalışacağıq, mən əminəm ki, alacağıq. Ermənistan ərazisində bu və digər təbii ehtiyatların olması hələ ondan necə istifadə edəcəyi məsələsini həll eləmir. Hesab edirəm ki, Ermənistan əgər ağlını başına yığb regionun sabitliyi üçün çalışarsa və bu yöndə mövqe tutarsa, kommunikasiya əlaqələri bərpa olunarsa, siyasi sabitsizlik aradan qalxarsa, gələcəkdə xarici şirkətlərin gəlib orada da iş görməsinə şahid ola bilərik. Ancaq bu, nəinki yaxın, hətta orta perspektiv üçün də hələ qaranlıq sayılan bir məsələdir”.

Tutaq ki, bugünkü şəraitdə xarici şirkət gəlib Ermənistanda misin üzə çıxarılması ilə məşğul olsa, bunu nə ilə daşıyacaq. Ekspertin sözlərinə görə, bu ölkə bərbad siyasəti nəticəsində özünü blokadaya salıb: "Türkiyə ilə münasibətləri pis, Azərbaycanla münasibətləri aydındır, Gürcüstanla heç də hər şey rəvan deyil. Rusiyadan Gürcüstan vasitəsilə idxal etdiyi qazda hər zaman problemlə üzləşib. Bir cənubdan İran qalır ki, bu da o qədər perspektivli çıxış yolu deyil. Ona görə də xarici şirkət Ermənistana gələndə ən birinci tələbi o olacaq ki, qonşularla münasibəti düzəlt ki, mən buradan əldə etdiyim xammalı dünya bazarına çıxara bilim. Paşinyanın kommunikasiya məsələsinə toxunması məntiqidir, dolayı yolla erməni ictimaiyyətinə başa salır ki, Ermənistan bundan 5-10 qat artıq təbii resurslara malik olsa da, qonşularla, xüsusilə də Azərbaycanda kommunikasiya əlaqələrini bərpa eləməsə heç bir xarici çirkət gəlib oraya bir qəpik də pul qoyan deyil. Mən bu yaxınlarda Rusiyadan Ermənistana verilən qazın Azərbaycan ərazisindən ötürülməsi ilə bağlı "Qazprom"la SOCAR arasnda imzalanan razılaşmanı yada salmaq istəyirəm. Gələcəkdə kommunikasiya əlaqələrinin bərpası, Ermənistanın normal həyata çıxışı üçün ən əlverişli istifadə edə biləcəyi ərazi Azərbaycandır. Bunu Ermənistanda da çox gözəl başa düşürlər və düzgün iqtisadiyyata malik olmaq istəyirlərsə gec-tez bu həqiqətlə barışmalı olacaqlar”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu