“Növbəti illərdə Azərbaycanda qaz hasilatı neft hasilatını üstələyəcək”


Bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda ilk qaz-kondensat ehtiyatları aşkar edilib.


“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Əldə edilən uğurla bağlı ölkə başçısı bildirib ki, bu gün biz ənənəvi tərəfdaşımız olan BP ilə bir neçə yeni layihə üzərində çalışırıq: “Bunlardan biri də “Şəfəq-Asiman” perspektiv qaz strukturudur ki, burada artıq ilk quyunun qazılması müsbət nəticə ilə başa çatıb. Xəzərin Azərbaycan sektorunda, dənizin dərin hissəsində yeni yataqda ilk qaz-kondensat təzahürü bizim təsdiq edilmiş karbohidrogen ehtiyatlarımızın artmasına və nəticə etibarilə ölkəmizin və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə dəyərli töhfə verəcək. Ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi ola bilər. Bu uğur münasibətilə Azərbaycan xalqını, Azərbaycan neftçilərini, BP və SOCAR şirkətlərini təbrik edirəm”.



Mütəxəssislərimiz də yeni qaz-kondensat ehtiyatlarının aşkar edilməsinin ölkəmiz üçün faydalı olacağıını deyirlər. Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev AFN-ə açıqlamasında bildirdi ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun nəticələrinə görə yeni qaz-kondensat yatağının kəşf edilməsi ümumiyyətlə, dünyanın, əsasən də Avropanın, eləcə də ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm bir hadisədir: “Çünki həm 2006-cı ildən sonra dünyanın enerji xəritəsini dəyişməyə gücü olan bir neçə layihələrimiz olub. Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri, bu əsasən Xəzər regionunu Aralıq dənizinin enerji bazarları ilə birləşdirən ixrac gücü idi. Ardınca, Bakı-Tiflis-Ərzurum qaz kəmərini qeyd etmək olar. Eyni zamanda bu dəhlizdən "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin layihəsi çərçivəsində hasil ediləcək qaz həcmlərinin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın, yəni, İtaliyanın cənub nöqtəsinə çatdırılması ilə bağlı layihənin tam miqyasda işə düşməsi, Avropanın yaxın illərdə qaza olan tələbatının ödənilməsində mühüm rol oynayan layihələrdir. Cənub Qaz Dəhlizi bir ixrac kəməri deyil, eyni zamanda geniş əməkdaşlıq platformasıdır. Kəmərin ixrac imkanlarından gələcəkdə digər dövlətlər də istifadə edə bilər. Hansı ki, bizim ixrac güclərimizdən, əsasən də neft kəmərindən Rusiya, Qazaxıstan şirkətləri, Türkmənistan Neft-qaz Nazirliyi istifadə edir. Təbii ki, “Şəfəq-Asiman” dəniz blokunda qaz-kondensat yatağının aşkar edilməsi, növbəti kəşfiyyat işlərində yatağın arxeoloji ehtiyatlarının və çıxarıla biləcək ehtiyatlar müəyyən edildikdən sonra buradan əlavə qaz yaxın illərdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırıla bilər. Ümumiyyətlə, növbəti illərdə Azərbaycanda qaz hasilatı neft hasilatını üstələyəcək”.

Ekspertin sözlərinə görə, dünyanın da növbəti illərdə qaza olan ehtiyacı indiki səviyyədən bir neçə dəfə artıq olacaq: “Çünki hər il qaza olan tələbatda bir faiz artım müşahidə olunur. Artıq 2025-2030-cu illərdə dünyanın illik qaza olan ehtiyacı 4,5 trilyon kubmetrdən yuxarı olacaq. Hazırda Avropanın illik qaza olan tələbatı 543 milyard kubmetrdən yuxarıdır. Qarşıdakı illərdə də bu tələbatda artım dinamikası müşahidə ediləcək. Enerji keçidində boru kəməri qazı, sıxılmış təbii qaz önəmli keçid yanacağı rolunu oynayacaq. Əsasən də indi Avropa ölkələri karbonsuz texnologiyaların tətbiqi ilə bağlı dövlət sifarişli layihələr həyata keçirir. Karbon müşahidə şurasının yaradılması ilə bağlı addımlar atılır. Qarşıdakı illərdə ekoloji tarazlığın qorunması nöqtəsi nəzərindən təbii qaz ənənəvi enerji mənbələrindən, alternativ və bərpaolunan enerji mənbələrinə keçiddə bir aralıq yanacaq rolunu oynayacaq. Bu baxımdan adıçəkilən yataqda qarşıdakı illərdə hasil ediləcək qaz Avropanın bazarlarına çatdırılacaq.

Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Digər tərəfdən, qarşıdakı aylarda yatağın geoloji ehtiyatları müəyyən ediləcək. Əgər yataqda kifayət qədər qaz həcmləri və yüngül kondensat müəyyən edilərsə, o zaman yatağın rentabelli istismarı davam etdiriləcək. Yataqda ikinci bir məhsul, təbii qazdan başqa yüngül kondensat da müəyyən edilib. Bu da neft-kimya və neft emalı sənayesi üçün əvəzsiz bir xammaldır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu