Bu təbii ki, Təhsil Nazirliyinin problemidir – deputat


Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticəsi tənqid edilir.


AFN xəbər verir ki, bu mərhələdə ilk dəfə rekord sayda 2683 namizəd iştirak edib. İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim edilib. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Namizədlər arasında yalnız bir nəfər ən yüksək nəticəni (55 bal) Şəki rayon Köndələn kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Yusifova əldə edib. Digər namizədlərin göstəriciləri ciddi surətdə aşağı olub.



Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü, millət vəkili Anar İsgəndərov məsələ ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, biz daim təhsil sistemində şəffaflıq arzulamışıq və bu mənada imtahanlar da şəffaf keçirilir: “Nəticələrə gəldikdə Təhsil Nazirliyinin borcudur ki, bunu müzakirə eləsin. Çatışmazlıq, nöqsanlar nədir, yüksək bal niyə qazanılmır? Bu təbii ki, Təhsil Nazirliyinin problemidir. Dünənə qədər belə fikirləşirdik ki, kimsə kimsəni himayə edir. Onlar aradan qalxıb. Ancaq yəqin ki, gələcəkdə bu istiqamətdə uğurlarımız da olacaq. Ən yüksək bal toplayanlarımız da olacaq. Məm diqqət etmişəm ki, hazırda bu imtahanlarda iştirak edənlərin əksəriyyəti gənclərimizdir. Dünənə qədər doktoranturaya imtahanlar olurdu və bu imtahanları hər bir məktəb özü götürürdü. Müəyyən neqativ hallar var idi və iki ildir artıq fəlsəfə, xarici dil imtahanını Dövlət İmtahan Mərkəzi götürür. Görün nə qədər şəffaflıq meydana gəlib. Düzdür, iddiaçıların sayı azalıb, ancaq digər tərəfdən onlar dərk edirlər ki, əgər imtahan verə bilməsəm ikinci mərhələ yoxdur. Yəqin ki, gələcəkdə direktorlarla bağlı da bu sahədə uğurlarımız artacaq”. Keçid balına gəldikdə isə millət vəkili deyir ki, ən yüksək bal var, ən yüksək balı kim toplayırsa ikinci mərhələyə buraxılır: “Məncə, burada qeyri-adi heç nə yoxdur. Kimsə yuxarı bal toplayan qalarsa, aşağı balı olanı seçsələr deyəcəklər ki, neqativ oldu. Hər şeyin təkmilləşməyə, yenilənməyə ehtiyacı var. Direktorlar əvvəllər kiminsə tərəfindən təyin olunurdular. Bu aradan qalxıbsa, kimin bacarığı, savadı daha çoxdursa, onlara diqqət yetirilir. Bu sahədə balla bağlı problem varsa, yəqin ki, tezliklə aradan qalxacaq. Ən əsası odur ki, imtahanı verirsən, ən yüksək balı tolayırsan, ondan sonra iddian olur ki, mən direktor ola bilərəm”.



Təhsil üzrə ekspert Elşən Qafarov bildirdi ki, ümumlikdə bu proses ölkədə yenidir və 2020-ci ildə keçirilməli olan imtahanın pandemiya səbəbindən vaxtı dəyişdirilib: “İndi keçirilən imtahan 2020-ci ildə keçirilməli olan imtahandır. Proses uzun müddət çəkir, internetin olmaması, müəllimlər araşdırmalar aparırlar, qanunlarla tanış olurlar. Eyni zamanda Vətən müharibəsi ilə bağlı cəmiyyət olaraq psixoloji sarsıntı yaşandı. Bu da təsir edən faktorlardı. Təsəvvür edin ki, ölkənin yarısında hərbi vəziyyət elan olundu, bir çoxları sənəd verə bilmədi. Sağ olsun ki, Təhsil Nazirliyi fevral ayında əlavə olaraq 4 gün də Vətən müharibəsində sənəd verə bilməyənlər üçün əlavə imkanlar yaratdı. Ümumilikdə baxdıqda, bizdə ümumtəhsil sektorunda çalışan şəxslərin təhsil və əmək qanunvericiliyi ilə bağlı bilik-bacarıqları çox aşağı səviyyədədir. Bu danılmaz faktdır. Yəni təkcə direktor olmaq istəyənlər yox, ümumtəhsildə işləyən hər bir şəxs, müəllim, psixoloq və s. təhsil qanunvericiliyini mükəmməl bilməli idilər. Eyni zamanda onlar işçi olduqları üçün Əmək Məcəlləsini də bilməli idilər. Çox təəssüflər olsun ki, bizdə bu bilik və bacarıqlar çox aşağı səviyyədədir”. Ekspertin sözlərinə görə, ümumiyyətlə, əvvəlki illərə baxdıqda nisbətən irəliləyişlər, təkmilləşmə var: “Məsələn, ilk dəfə olaraq şəxsi kabinetə dərhal imtahandan sonra bir neçə gün ərzində məlumat getdi ki, sizin topladığınız bal nə qədərdir, ölkə üzrə neçənci yerdəsiniz. Bu da artıq imkan verir ki, namizədlər indidən kimin müsahibə mərhələsinə çağrılacağını, kimin çağrılmayacağını bilir. Direktorların işə qəbulu ilə bağlı imtahanın birinci mərhələsidir, nə qədər bal toplayıb-toplamamasından asılı olmayaraq həlledici mərhələ müsahibə mərhələsidir. Mən düşünmürəm ki, bu sahədə problem məsuliyyətsizlikdən irəli gəlir. İstər bu gün namizəd olan, istər hazırda işləyən direktor və direktor müavinlərinin təhsil və əmək qanunvericiliyi ilə bağlı bilikləri çox aşağı səviyyədədir. Bununla bağlı ölkədə hansısa bir proqram və yaxud layihə həyata keçirilməlidir”.
Keçid ballarına gəldikdə isə ekspert bildirdi ki, hazırda hətta 10 bal, aşağı bal toplayanların direktor əvəzi kimi məktəblərdə qalması ilə yanaşı, işləyən və keçid balı 10 bal səviyyəsində olmayan məktəb direktorları var: “Yerlərdə müəyyən neqativ hallar var. Məsələn, rayon təhsil şöbəsini götürsək, orada çox işinə məsuluyyətlə yanaşan həmkarlarımız az deyil. Ancaq kiminsə məktəb direktoru olmasını istəyirlərsə, onun üçün onu müavin təyin edirlər. Lakin o gəlib imtahanda nəticə göstərə bilmir. Yenidən həmin adam bir ildə həvalədə qalır. Bu da insanlarla bağlı suallar, imtahan prosesinin şəffaflığına şübhələr yaradır, haqlı suallar ortaya qoyur. Məktəb direktorlarının təyinatı təhsili inkişaf etmiş ölkələrdə imtahan prosesi ilə həyata keçirilir. Bu proses ilk dəfə ABŞ, sonra da Avropa və 80-ci illərdən sonra dünyanın bir sıra ölkələrinə yayılıb. Azərbaycanda isə yenidir. İndi meydana çıxan suallar, zamanla aradan qalxacaq. Müəllimlərin işə qəbulu ilə bağlı əvvəlki illərdə çox böyük problemlər vardı, neqativ hallar kütləvi şəkildə idi. Ancaq müəllimlərin işə qəbul qaydaları son üç il ərzində şəffaflaşıb, bu sahədə deyə bilmirik ki, neqativ hallar var. Uzun illərdir ki, mən direktorların işə qəbulu müsabiqəsinə hazırlıqla məşğulam. Bütün rayonlar üzrə bu prosesi izləmək imkanım olmur. Əvvəllər standart keçid balı qoyurdular. Bir şəhərdə, yaxud hansısa rayonda keçid balını kifayət qədər toplayan olurdu, müəyyən rayonlarda heç keçid balının yarısını toplamayanlar olurdu. Artıq ikinci ildir ki, hər rayon üzrə keçid balını o rayondan olan namizədlərin göstəricilərinə uyğun olaraq müəyyən edirlər. Düşünürəm ki, bu doğru addımdır. Əsas məsələ odur ki, məktəblər direktorsuz qalmamalıdır. Ölkədə 4472 ümumtəhsil məktəbi var, 7 məktəbdən birinin direktoru yoxdur. Bu da təlim-tərbiyə prosesinə ciddi mənfi təsir göstərir. Ona görə də hər rayon üzrə namizədlərin topladığı ballara uyğun olaraq keçidin müəyyən olunması doğru addımdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu