Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
Vətən üçün özünü qurban etmək, onun yolunda qəhrəmanlıq göstərmək, döyüşmək, düşmənə qarşı mücadilə aparmaq hünər, mərdlik işi olmaqla yanaşı, həm də doğma yurda, Vətənə sevgi hisslərini özündə cəm edən böyük ürək tələb edir. Qanı, canı bahasına tarix yazan ər qeyrətli, hünərli igidlərimiz Vətən sevgisini içində daşıdığı o böyük ürəkləri ilə Qarabağımızı xilas etdilər. Biz o oğullarımızın qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində haqq savaşını zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan ərənlərimiz qanları ilə tarix yazaraq öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar.
Belə qəhrəman, qorxmaz, vətənpərvər oğullarımızdan biri də şəhid Fərhadov Cəlaləddin Elxan oğludur. Cəlaləddinin ailə üzvləri şəhidimizin döyüş yolu ilə bağlı “Yeni Gündəm”-ə danışıblar. Əslən Ağdaş rayonundan olan şəhidimiz Şuşanın alınmasından 2 saat sonra şəhid olub.
Cəlaləddin Fərhadov 01.05.2001 tarixində Ağdaş rayonunda ailənin son beşiyi olaraq dünyaya gəlib.16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb. 05.07.2019 tarixində hərbi xidmətə yollandı və Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəldi.
Şəhidimizin bacısı Arzu xanımla olan söhbətimizdə: “Cəlaləddin mənə həm qardaş, həm də ata olub. Baxmayaraq ki, məndən 3 yaş balaca idi. Biz bacımla tələbə idik və atamız rəhmətə getdikdən sonra anamla qardaşım işləyib bizi oxdurdular. Aramızda ən savadlı o idi, amma həm bir az dəcəlliyinə, həm də evin məhsuliyyətinə görə oxumadı. Anam deyir ki, “sizi – qızlarımı oxutdum, amma onun üçün heç nə edə bilmədim..”
Çox mehriban, zarafatcıl və kini olmayan biri idi. Bizə güldən ağır söz deməzdi. Lakin bir o, qədərdə qəmli idi. Ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Bəlkə də ona görə tez böyüdü. Yaşından böyük düşünürdü. Bu xasiyyətinə görə böyüklərin hörmətini qazanmışdı. 60-70 yaşında dostları vardı.
Hərbi xidmətdə olanda bizə heç vaxt ön cəbhədə olduğunu deməmişdi. Təkcə dayım və onun oğlu bilirdi. Həmişə danışanda bizi arxayın edirdi. Deyirdi ki, “mən arxadayam, narahat olmayın hər şey yaxşıdı, aç qalmıram. Gələndə sizə çox şey danışacam ! ”
Çox həvəsli idi , qorxusu yox idi , vuruşmaq istəyirdi… Hətta bir dəfə Cəlaləddin bir komandiri yanan tankdan çıxarmışdı.
Şuşada olanda yoldaşları ondan yaşca böyük könüllü əsgərlər idi. Aralarında ən kiçik qardaşım olub.
Sonuncu dəfə bizimlə şəhid olmamışdan 15 gün əvvəl danışmışdı. Dedi : “ Yaxşıyam, bizim üçün dua eləyin .”
Yoldaşları bizə deyirdi ki, 4 gün ac qalıb və Şuşanın alınmasından 1 gün öncə axşama mürəbbə saxlayıbmış. Səhərə yaxın yoldaşlarına “ bu gün şəhid verəcəyik “ deyib .
Və xoşbəxt qələbədən sonra yoldaşları su gətirməyə gedəndə ona səngərdə qalmaları tapşırılıb, lakin o dostlarını tək qoymamaq üçün onların ardınca gedib.. və şəhadətinə su yolunda çatıb..
Onun yoxluğu bizə çox ağırdı. Onunla fəxr edirik !”
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəlaləddin Fərhadov ölümündən sonra “Vətən uğrunda” “Şuşanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medaları ilə təltif edilib.