Xarabalıqlarda inşa edilən nəhəng hava limanı - VİDEOREPORTAJ
30 ilə yaxın düşmən taptağı altında olmuş Qarabağ torpağında quruculuq işlərinə başlanılıb.
Söhbət işğaldan azad edilən Füzuli rayonu ərazisində yerləşən Beynəlxalq Hava Limanından gedir.
“Report”un Füzuliyə səfər edən əməkdaşı xəbər verir ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan hava limanının hazırda tikinti işləri davam etdirilir və bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir.
Hazırda minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir.
Həmçinin aerportun ərazisində avtomobil dayanacağı da tikilir. Hava limanının perron sahəsi 60 min kvadrat metrdir. Burada müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadrat metrdir. Aeroporta giriş yolu 5 000 kvadrat metr olacaq. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq tikiləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov Füzuliyə səfər edən jurnalistlərə deyib ki, uçuş-enmə zolağında hazırda minalardan təmizləmə prosesləri gedir.
Onun sözlərinə görə, “Füzuli beynəlxalq hava limanının tikintisi" layihəsinə uyğun olaraq ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün Böyük Britaniya istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "AARDVARK" modelli mexanizm alınıb və əraziyə gətirilib.
E.Hüseynov bildirib ki, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır:
“Araşdırmalardan sonra təyin olunacaq yer cari ilin aprel ayının sonuna qədər müəyyən olunacaq”.
Yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın "AARDVARK" şirkətindən mütəxəssis dəvət edilib. Şirkətin nümayəndəsi Devid Klark deyib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:
“Gün ərazində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər. Azərbaycanda olduğum müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydaları ilə bağlı təlim keçiriləcək. Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.
Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisi bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC-yə həvalə olunub. Podratçı şirkətin baş mühəndisi Cəfərağa Şiriyev isə bildirib ki, bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Füzulinin işğalından öncə şəhərdə hava limanı vardı. Bu hava limanının uçuş zolağı 1 600 metr olub. Erməni işğalı zamanı hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilib.
Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır.
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub.