Şərəf lövhəsindən şəhidlik zirvəsinə: Sumqayıt İcra Hakimiyyəti isə ailənin müraciətlərini “görmür”, “eşitmir” - VİDEO + FOTOLAR
44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını tariximizə qızıl hərflərlə yazdılar.
Onların sırasında Sumqayıt şəhərindən olan Əliyev Eltun Elnur oğlu da var.
E.Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra, oktyabrın 23-də həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə - ön xətdə baş atıcı olaraq xidmət edib.
Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulub. Sentyabrın 27-də Vətən müharibəsinə qatılıb.
Şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı olub - işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək.
"Mən övladım haqqında çox danışa bilərəm. Eltun məktəb vaxtlarından hərbi dərslərdə fəal iştirak edib, qorxmaz, vətənini, millətini sevən idi. Həmişə Qarabağdan danışanda “Müharibə nə vaxt başlayacaq?” deyərdi. Müharibədə şəhid olmaq bəxtinə yazıldı. Oğlum Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun haqqında dostları, döyüş yoldaşları o qədər xoş sözlər dedilər ki, oğlumu sanki yenidən tanıdım. Hər bir şəhid bir qəhrəmandır, xalqımız onları qəhrəman kimi qəbul edir, sevir, hörmət edir".
Rima xanım oğlundan danışdıqca, biz şəhidimizin doğulub böyüdüyü evə göz gəzdiririk. Təbii ki, əgər bura ev demək olarsa… Acınacaqlı vəziyyətdir, bəzən adam hətta inana bilmir ki, bu cür şəraitdə, daha doğrusu şəraitsizlikdə ana övladının ürəyinə böyük vətən məhəbbətinin toxumlarını səpə bilib.
Rima xanım deyir ki, oğlu hərbi xidmətə getməzdən əvvəl onunla gələcək həyatı barədə çox söhbətləri olub:
"Eltun əsgər gedəndə mənə dedi ki, ana, mən əsgərlikdən gələndən sonra evimizi böyüdək, burada daha yaşamaq olmaz. Mən də düşünürdüm ki, gələcək üçün mütləq şərait yaratmaq lazımdır, Eltunu çətinliklə böyütmüşdüm, istəmirdim ki, o da gələcəkdə övladlarını mənim kimi çətinliklə böyütsün. Ancaq həyatı kimi arzuları da yarımçıq qaldı”.
Eltun sahəsi cəmi 6 kvadratmetr olan tikilidə yaşayıb, bu evdən hərbi xidməyə yola düşüb, burada anası oğlunun şəhidlik xəbərini alıb.
Rima xanım acınacaqlı durumla ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edib və qısa müddətdə məktub baxılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilsə də, icra hakimiyyəti tərəfindən heç bir tədbir görülməyib. Şəhidin anasının səhhəti də işləməyə imkan vermir. Digər oğlu da anasının qayğısına qalmaq məcburiyyətindədir.
Ailənin digər problemləri də var, hətta şəhid ailələrinə Heydər Əliyev Fondu tərəfindən ayrılan vəsaitin bu problemlərin həllində istifadəsi mümkün olmayıb:
“Həyat yoldaşım həmin pulu götürüb harasa getdi. Bundan sonra dözmədim, şəhid balama görə ayrılan vəsaiti onun son arzusunu yerinə yetirmək üçün istifadə edə bilərdim, adına nəsə yaradardıq, amma imkan vermədi. Bu hadisələrdən sonra daha dözmədim, ayrılmaq üçün məhkəməyə müraciət etmişəm”.
Şəhid Eltun Əliyevin adının Yaşıl Dərə massivində yaşıdığı küçəyə verilməsi də ananın arzusudur.
Ümid edirik ki, ananın bu arzusu da aidiyyəti qurumlar tərəfindən nəzərə alınar. Bu, həm də şəhidə vəfa borcudur.
[media=https://youtu.be/5DTWuulK9Bo]