Neft bu həftə xeyli bahalaşıb
Neft bazarında ABŞ-dakı ehtiyatlara dair rəsmi açıqlama ərəfəsində, habelə OPEC+ formatı çərçivəsində yanvarın 1-nə təyin olunmuş hasilat artımının təxirə salına biləcəyinə dair xəbərlərin təsiri ilə artım davam edir.
“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neft dünən 0,4 faiz bahalaşdıqdan sonra bu gün daha 0,3 faiz bahalaşaraq 43,93 ABŞ dollarından satılıb. Habelə Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neft dünən 0,2 faiz bahalaşdıqdan sonra bu gün 0,39 faiz artaraq 41,61 dollardan satılıb.
Bu həftənin əvvəlindən neftin qiyməti 12 faizdən çox artıb ki, bunun da əsas səbəbi “BioNTech” və “Pfizer” şirkətləri tərəfindən hazırlanmış yeni koronavirus dərmanının uğurlu sınaqları barədə xəbərlərdir. Hərçənd koronavirusa yoluxmaların artdığına görə bir çox ölkələrdə məhdudiyyətlər tətbiq edildiyi üçün bazardakı tələbatın gələcəyi hələ də müəmmalıdır.
Bununla bağlı “CMC Markets” mərkəzinin eksperti Maykl Makkarti “Bloomberg”ə bildirib: “Qısa perspektivdə neftin bahalaşacağını gözləyirik. Peyvənd dərmanı istifadəyə verilməyincə tələbata təsir etməz, amma bazardakı ovqatın dəyişməsinin özü də neftin qiymətinin mövcud səviyyədə qalmasına vəsilə olacaq”.
Mənbələrin dediyinə görə, OPEC+ formatının iştirakçısı olan ölkələrin neft hasilatının gələn ilin əvvəlində nəzərdə tutulan artımını 3-6 ay təxirə salmaq niyyətindədir. Format iştirakçılarının növbəti görüşü bu ayın sonunda keçiriləcək. Hələlik isə bazarın diqqəti ABŞ-dakı ehtiyatlara dair bu gün axşam veriləcək rəsmi açıqlamadadır.
“S&P Global Platts” tərəfindən dindirilən ekspertlərin fikrincə, ötən həftə bu ölkədə neft ehtiyatları 3 milyon barel, benzin ehtiyatları 0,6 milyon barel, distilat ehtiyatları isə 2 milyon barel azalıb.