Ermənistan tərəfdə döyüşən PKK-çı və başqa muzdluların maaşını kim ödəyir?
"Muzdlu döyüşçülərin aylıq məvacibləri erməni diaspor təşkilatları tərəfindən ödənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli Qarabağda ayı 600 dollara döyüşən muzdlulardan danışarkən deyib. Bu haqda əsir götürülən erməni hərbçilər məlumat verib. Ramin Məmmədli Birinci Qarabağ müharibəsində də Ermənistan tərəfinin muzdlu döyüşçülərdən geniş şəkildə istifadə etdiyini diqqətə çatdırıb: "Həmin muzdlu döyüşçülər dünyanın müxtəlif ölkələrindən cəlb olunurdu və bu faktlar Azərbaycan hüquq-mühafizə orqanlarında və ordusunda öz təsdiqini tapıb. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda, döyüşlərdə, müharibədə Azərbaycan dövləti artıq xəbərdar idi ki, Ermənistan Azərbaycan ərazilərini yenidən işğal etmək və ərazilərini böyütmək məqsədi ilə muzdlu döyüşçüləri öz hərbi birləşmələrinə cəlb edirlər. Xüsusən də ərəb ölkələrindən, ermənilərin daha çox yaşadığı ölkələrdən olan Livandan gələn bu döyüşçülər Qarabağa göndərilərək Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edirlər”.
Bu döyüşçülərin təşkilatlanması, Azərbaycana cəlb olunması işini kimlər görür, hansı qurumlar həyata keçirir?
Ramin Məmmədli hesab edir ki, Ermənistan iqtisadi çəhətdən o qədər də inkişaf edən dövlət olmadığından onların maliyyəsini ayrı-ayrı təşkilatlar ödəyir: "Maddi sıxıntıları həddindən artıq çoxdur və bunu hazırda daha çox büruzə verirlər. Belə olan təqdirdə ehtimallardan biri həmin muzdlu döyüşçülərin məvaciblərinin erməni diaspor təşkilatları tərəfindən ödənməsidir. Təşkilatlar onlara Azərbaycana qarşı müharibədə iştirak etmək üçün müəyyən qədər maliyyə ödəyir. Dünyada fəaliyyət göstərən erməni diaspor təşkilatlarının sponsorları iş adamlarıdır. Həmçinin, həmin döyüşçülərin maliyyəsi erməni kilsəsi tərəfindən ödənilir. Qarabağ döyüşlərində əsir götürülənlər arasında PKK-dan, yəni terrorçu təşkilatından olan şəxslərin döyüşməsi bir daha onu sübut edir ki, həmin şəxslər müəyyən pul qarşılığında döyüşür. Hətta buna kimi onlar özləri öz mövcudluğu barədə açıqlama vermişdilər. PKK-ın ideoloji baxımdan Ermənistanla hər hansı bir bağlılığı yoxdur. Onların Qarabağa gətirilməsi bir formada həyata keçirilir - o da diaspor, kilsə və bunun üçün ayrılan maliyyə, vəssalam. Muzdlular yalnız bu məqsədlə Azərbaycana gətirilir”.