İnsanlar koronavirusa yoluxduğunu niyə gizlədir? - ŞOK SƏBƏBLƏR
“Biri fikirləşir ki, koronavirus olduğumu bilsələr, hamı məndən qaçacaq. Yaxud da, qız və oğlanlar qorxur ki, onların ailə qurmasında problemlər yarana bilər. Çünki ehtimallara görə bu virus reproduktiv sağlamlığa da mənfi təsirini göstərir. Biz buna indidən qərar verə bilmərik”.
AFN yenicag.az-a istinadən xəbər verir ki, sosioloq Əhməd Qəşəmoğlu koronavirusa yoluxduğunu gizlədən insanların nədən belə etdiklərinə aydınlıq gətirərkən bildirib.
Sosioloq hər zaman insanların yoluxucu xəstəliklərini gizlətdiklərini deyib:
“Təəssüf ki, bu virus getdikcə həyatımıza daha çox daxil olmağa başlayır. Yaxınlarımız, doğmalarımız arasında bu virusdan dünyasını dəyişənlər də var. İnsanlar bilir ki, bu virus yoluxucudur. Buna görə də yoluxduğunu gizlədir. Ümumiyyətlə, ənənəvi olaraq hər zaman yoluxucu xəstəlikdən əziyyət çəkən insanlar bunu digərlərindən gizlətməyə çalışıblar. Adi zökəm, qızılca xəstəliyi də youluxucudur, amma insanlar yoluxanda, bunu açıq şəkildə deyirlər. Çünki kütləvi şəkildə yayılıb. Koronavirus barədə isə ətraflı bilgiyə malik deyilik və yeni yayılmış bir virusdur. Buna görə də gizlədilir. Bunun da səbəbləri var. Biri fikirləşir ki, koronavirus olduğumu bilsələr, hamı məndən qaçacaq. Yaxud da, gənc qız və oğlanlar qorxur ki, onların ailə qurmasında problemlər yarana bilər. Bu barədə ictimai rəy formalaşmayıb, bu xəstəliyin təhlükəsi və virusla necə davranmaq barədə əhali arasında aydın fikir yoxdur. Gələcəkdə özlərini riskdən qurtarmaq və təzyiqlərə məruz qalmamaq üçün insanlar bu yolu seçir”.
Sosioloq çıxış yolunu əhali arasında maarifləndirmə işinin gücləndirilməsində görür:
“Bu virusla bağlı ictimai rəyi formalaşdırmaq lazımdır ki, xəstəliyin simtomları necə inkişaf edir, immuniteti yüksək olan insanların virusa yoluxmaq riski nə dərəcədə azdır, virusa yoluxan adamların yüzündən bir-ikisi dünyasını dəyişir və s. Bu virusdan sağalma ehtimalı da çox böyükdür. Sağalandan sonra başqaları üçün təhlükəli deyil. Bütün bunları nəzərə alaraq, koronavirus barədə insanlarda aydın təsəvvür yaratmaq lazımdır. İnsanlarda inam yaratmaq lazımdır ki, hər kəs bu virusa yoluxa və sağala bilər”.