Biznes: Pandemiyadan əvvəl bağlanılan müqavilələrin taleyi necə olacaq? - ŞƏRH




"Pandemiya vaxtında 30-dan yuxarı sahibkar mənə müraciət edib”.

Bunu Qaynarinfo-ya açıqlamasında bank üzrə ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov koronavirus pandemiyası zamanı biznes strukturları arasında bağlanmış müqavilələrdə baş verən çatışmazlıqlar, fors-major vəziyyətlərdən danşarkən deyib.

Onun sözlərinə görə, pandemiya dövründə saysız-hesabsız belə müraciət olub:

"Müştərilər fors-major hallara istinad edir. Deyirlər ki, biz pandemiyaya görə, öhdəliyimizi icra edə bilmirik və s. Burada bir vacib məsələ var ki, onu ayırmaq lazımdır: onların dediyi "mən öhdəliyimi icra edə bilmirəm” məqamı. Yəni, bunu fiziki olaraq ödəyə bilmir, yoxsa pulu yoxdur? Bəzən bunu qarışdırırlar. Bildirirlər ki, "kimdənsə pul gözləyirdim”, "pulum yoxdur” və s. Bunlar baqa-başqa şeylərdir. Bir var fors-major, qarşısı alına bilməyən hal... Məsələn, mən öhdəlik götürmüşdüm ki, bu gün filan əşyanı, geyimi Bakıdan Gəncəyə çatdıracağam. Amma iş elə gətirdi ki, çatdıra bilmədim. Bunun səbəbləri var, birincisi, həmin geyim, yaxud da əşya pandemiya olduğundan xarici ölkədən Azərbaycan gətirilməyib. İkincisi, yollar bağlı olduğundan onlar Gəncəyə çatdırıla bilmədi. Bu, əlbəttə ki, fors-majordu. Qarşısı alına bilməyən qüvvənin təsiridir. Mən öhdəliyimi vaxtında yerinə yetirə bilmədiyim üçün baş verənlər məndən asılı deyil. Bu halda qarşı tərəf məni buna görə cərimələyə bilməz”.

Əkrəm Həsənov pandemiya dövründə sahibkarlardan işləmədiyi halda icarəyə götürdükləri yer üçün icarə haqlarının tələb olunduğunu vurğlayıb:

"Mənim kiməsə borcum var, pandemiyaya görə gəlirim azalıbsa, bu, fors-major deyil. Bu, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Bu halda qarşı tərəfə müraciət etmək lazımdır ki, şərait dəyişib. Məsələn, mən bankdan kredit götürmüşdüm və onu otelin təmirinə xərclədim. Ümüd edirdim ki, bu aylar ərzində turizmdən gələn qazancdan onu ödəyəcəm. Amma pandemiyaya görə belə olmadı. İndi mən bu bankın kreditini necə və hardan verim? Müqavilədə də göstəriblər ki, ay ərzində banka hardasa 20 min pul qaytarmalıyam. Bu, əlbəttə, fors-major deyil, şəraitin dəyişməsidir. Yəni, bilsəydim ki, vəziyyət belə olacaq, krediti götürməzdim. Belə hallarda müqaviləyə dəyişiklik olsun deyə məhkəməyə müraciət etmək lazım. Amma icarə münasibətləri daha çoxdur, bunun uğrunda mübahisə gedir. Sahibkarların çoxunun icarəyə götürdükləri yer var. Pandemiya dövründə isə onlar həmin obyektdən istifadə etməyib. Amma icarəyə verən deyir ki, "mənə bunu aidiyyatı yoxdur, icarə haqqı ödənilməlidir”. Belə halda icarəçi bu dövr üçün məhkəmə yolu ilə icarə haqqının azaldılmasını tələb edə bilər. Yaxşı olar ki, bundan sonra müqavilə bağlasın, belə halları aralarındakı müqavilədə daha geniş göstərsinlər”.

Əkrəm Həsənov bildirib ki, ona pandemiya dövründə təkcə 30-dan yuxarı sahibkar müraciət edib:

"Onların arasında iri sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar daha çoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu