Qəbul imtahanı üçün tələb olunan BƏYANNAMƏ NƏDİR?
Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər .
AFN xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib.
Onun sözlərinə görə, ətraf insanların sağlamlığı nəzərə alınmalıdır: “Təkcə imtahan verənlərin istəyini nəzərə almamalıyıq, burada vətəndaş həmrəyliyi olmalıdır, ətrafda olanlar üçün təhlükə yaratmamalıdır. Əvvəllər də belə hallar olub ki, suçiçəyi, sarılıq, qızılca olan şəxslər imtahana gəlməyə cəhd ediblər, amma onları imtahana buraxmamışıq. Çünki ən əsası insanların sağlamlığıdır və onu qorumalıyıq”
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az -a açıqlamasında bildirib ki, hər bir şəxs imtahana gələndə şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni gətirməlidir:
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdədir. Buraxılış vərəqəsini çap edənlər, həmçinin bəyannaməni də çıxara biləcəklər. İmtahan verəcək şəxs özü həmin bəyannaməni imzalayır ki, onda və onun yaxınlarında heç bir xəstəlik yoxdur. Buna görə imza atan şəxs məsuliyyət daşıyır”.