2019-cu ildə Yevlax rayonu üzrə cəmi 7 satınalma müqaviləsi qeydə alınıb - MÜƏMMA




İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspert qrupu yerli səviyyədə idarəetmə və ictimai xidmət qurumlarının (pilot ərazilər Bərdə, Yevlax və Xaçmaz rayonları, Mingəçevir şəhərinin timsalında) fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyətinin qiymətləndirilməsinə dair hesabat açıqlayıb. AFN həmin hesabata istinadən yuxarıda qeyd edilən 4 bölgə üzrə dövlət idarəetmə orqanlarının həyata keçirdiyi satınalmalar barədə məlumatları təqdim edir.



Aparılmış monitorinqin nəticəsi göstərir ki, bütün rayonlar üzrə dövlət satınalmalarına dair bir sıra məlumatları elektron satınalma vahid internet portalından əldə etmək olur. Bütün rayon və şəhərlər üzrə satınalma elanları və bağlanmış müqavilələr barədə məlumatlar yerləşdirilir. Yalnız icra olunmuş müqavilələrin nəticələrinə dair ətraflı məlumatlar olmur.
Bağlanmış müqavilələrə dair məlumat cədvəlində malalan təşkilatın adı, müqavilənin dəyəri, predmeti, malgöndərən (qalib) təşkilatın adı, müavilənin bağlandığı tarix barədə informasiyalar əks olunur. Bağlanmış müqavilələrin siyahısını hər bir rayonun (şəhərin) adını daxil etməklə müvafiq linkdən əldə etmək mümkündür.
Bütün rayonlar (şəhərlər) üzrə satınalma elanlarını uyğun linkə daxil olub axtarış bölməsinə müvafiq rayonun (şəhərin) adını daxil etməklə əldə etmək mümkündür. Monitorinqin əhatə etdiyi ərazilər üzrə ayrılıqda göstəricilərə gəlincə, Mingəçevir şəhəri üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 70 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 34 müqavilə bilavasitə şəhər İcra Hakimiyyətinin özü və ya onun struktirları (Mənzil-Kommunal Təsərrüfatı, Yaşıllaşdırma İdarəsi və s.) tərəfindən bağlanıb. Müqavilələrin ümumi dəyəri 1.5 mln. manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən şəhər təhsil qurumlarının satınalmaları ilə bağlı olub.
Bərdə rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 47 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 11 müqavilə rayon İcra Hakimiyyətinin Bərdə şəhər Nümayəndəliyinin adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 1.2 mln. manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən rayon Mərkəzi Xəstəxənası, Mədəniyyət Nazirliyinin Regional İdarəsi və Subartezian Quyularının İstsmarı İdarəsinin adından bağlanıb.
Yevlax rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə cəmi 7 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 5 müqavilə bilavasitə Rayon İcra Hakimiyyətinin özü və ya Yaşıllaşdırma İdarəsi adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 106 min manat olub. Digər 2 müqavilə isə Rayon Polis Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Ryestr Xidmətinin Regional İdarəsi adından bağlanıb.
Xaçmaz rayonu üzrə yerli dövlət orqanları tərəfindən 2019-cu ildə 44 satınalma müqaviləsi barədə məlumatlar saytda yerləşdirilib və bundan 11 müqavilə rayon İcra Hakimiyyəti adından bağlanıb. Bu müqavilələrin ümumi dəyəri 228 min manata yaxın olub. Yerdə qalan müqavilələr əsasən rayon Mərkəzi Xəstəxənası, Mədəniyyət Nazirliyinin Regional İdarəsi, Rayon Polis İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Regional İdarəsi adından bağlanıb.
"Yerli dövlət orqanlarının satınalma fəaliyyətlərilə bağlı məlumatlar onların öz internet resuslarında açıqlanmasa da, vahid dövlət elektron satınalma portalı belə məlumatların ictimaiyyət üçün açıqlanmasına yardımçı olur. Lakin bu sahədə əsas problem odur ki, yerli dövlət təşkilatlarının hər biri üzrə mal, iş və xidmət alınması məqsədilə nə qədər büdcə vəsaitinin təsdiqləndiyi qapalı saxlandığı üçün elektron satınalma portalında olan müqavilə dəyərinin həmin büdcənin hansı hissəsini təşkil etdiyini bilmək olmur. İctimai nəzarət üçün ən vacib olan göstərici budur ki, dövlət qurumlarının illik mal, xidmət və iş sifarişlərinin hansı hissəsi cəmiyyət üçün açıq olan satınalma üsulları vasitəsilə reallaşıdırılır.
Bu isə o deməkdir ki, yerli səviyyədə satınalma məlumatlarının açıqlığı yerli büdcə məlumatlarının tam açıqlığı ilə tamamlanmalıdır" - deyə hesabat müəllifləri bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu