Telekanallarımızda böyük BİABIRÇILIQ - Mərhum aktyoru efirə dəvət etdilər
Azərbaycanın televiziya jurnalistləri utancverici hərəkətə yol veriblər. Belə ki, adları açıqlanmayan TV əməkdaşları mərhum teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadəni verilişə dəvət ediblər.
Modern.az xəbər verir ki, bu barədə barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, mərhum sənətkarın qızı Aygün Xanızadənin atasının adına açdığı “Feysbuk” səhifəsinə bu səpkidə mesajlar göndərilib:
“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi ki, “gəl, atamın adına açdığım “Feysbuk” səhifəsinə göndərilən mesajları sənə oxuyum”. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün xanım bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkdim. Yazırlar ki, “Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nooolar, gəlin siz də iştirak edin”. Hətta biri yazıb ki, “mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin””.
Bu mesajlardan sonra Aygün Xanızadə mərhum sənətkarı efirə dəvət edən TV jurnalistlərinin bəziləri ilə sərt danışıb. Onlar biləndə ki, Hamlet Xanızadə həyatda yoxdur, Aygün xanımdan xahiş ediblər ki, bu haqda heç kimə deməsin:
“Xahiş etdilər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar?”,-deyə Aygün Xanızadə bildirib.
Aygün Xanızadə həmin jurnalistlərə cavab verəndə ki, atası 1990-cı ildə dünyasını dəyişib, onlar dərhal söhbəti “fırladıblar”: “Niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”.
Qeyd edək ki, Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.
Hamlet Xanızadə "Dəli yığıncağı"nda Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktor rollarını ifa edib. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində də oynayıb.
Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını da Hamlet Xanızadə canlandırıb.
"Axırıncı aşırım"da onun rolu - Talıbov o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.
Hamlet Xanızadənin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır.
Aktyor "Babək" filmində xəlifə Mötəsimi də canlandırıb.
Onun "Qətl günü" filmində canlandırdığı Sədi Əfəndi isə ümumiləşmiş yazıçı, filosof obrazıdır.
Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.