Ağcabədidə intihar edən qadının əri tutuldu
Martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib:
"Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun bədənində aşkar edilən xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən olunub.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".