Yeni QHT yarandı: Ekoloji problemləri araşdıracaq




"Yaşıl dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu barədə məlumatı "Olaylar"a ictimai birliyin sədri Elman Cəfərli verib.

"Bu ideya 2019-cu ilin martında yaranıb. Bir qrup təbiətsevərlə birlikdə qərara aldıq ki, ətraf mühitin qorunmasını təbliğ edən qeyri-hökumət təşkilatı yaradaq. Təşkilatı yaratdıq, bir sıra tədbirlər həyata keçirdik, yaşıllaşdırma aksiyaları təşkil etdik, insanlarla maarifləndirici söhbətlər apardıq. Sentyabr ayında sənədləri toplayıb Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etdik. Nəhayət, Baş idarə "Yaşıl dünya" EMİB-ni dövlət qeydiyyatına aldı"-deyə, E.Cəfərli bildirib. Birlik sədri ictimai birliyin məqsədləri haqqında danışıb: "Əsas məqsəd ölkədə, paytaxt Bakı şəhərində ekoloji problemləri öyrənmək, müvafiq təkliflər hazırlamaqdır. Məqsədimizə çatmaq üçün ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifıər verəcəyik. Bundan başqa aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil etmək, bu sahədə araşdırmalar aparmaq niyyətindəyik".

E.Cəfərli deyib ki, ətraf mühitin, yaşıllıqların qorunması üçün geniş maarifləndirmə tədbirlərinə ehtiyac var: "Son vaxtlar xüsusən paytaxt Bakı şəhərində yaşıllıqların məhv edilməsi, ağacların müxtəlif kommersiya məqsədlərinə görə kəsilməsi halları artıb. Bakının "oksigen balonu" olan yaşıllığa qarşı ögey münasibət göstərən, onu məhv etməyə çalışan iş adamları çoxalıb. Onlar öz kommersiya maraqlarına uyğun olaraq çoxillik ağacları kəsir, yerində ticarət və iaşə obyektləri, yaşayış binaları tikirlər. Bəzən bu iş gecə vaxtı, hamıdan, əhalidən, dövlət qurumlarından xəbərsiz edilir. Hesab edirəm ki, Bakı şəhərinin sakinləri yaşıllıqların məhvinə laqeyd qalmamalı, ağacları kəsən işbazlara qarşı mübarizədə dövlət qurumlarına yardım göstərməlidir. Bundan başqa əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. "Yaşıl dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyini təsis etməkdə məqsədimiz əhali arasında maarifləndirmə işləri aparmaq, təbiətsevər könüllüləri yaşıllaşdırma işlərinə cəlb etməkdir".

Elman Cəfərli deyib ki, təbətsevərlər "könüllülər ili" olan 2020-ci ildə xüsusi fəallığı ilə seçiləcək: "2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.

Biz də təşəbbüsə qoşulmaq, könüllülük hərəkatına töhfə vermək istəyirik. "Yaşıl dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin İdarə Heyətinin üzvləri gəncləri, fəalları könüllü yaşıllaşdırma işlərinə, Xəzər sahillərinin çirkabdan, tullantılardan təmizlənməsi, o cümlədən ətraf mühitin qorunmasının təbliğinə cəlb edəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu