Vüqar Bayramov seçicilərinə səsləndi: “Həmişə mənimlə fəxr edəcəksiniz”
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də üçüncü görüşünü Gecəgözlü yatağında məskunlaşmış məcburi köçkünlərlə keçirib. Vüqar Bayramov özü, fəaliyyət planı və görəcəyi işlər barədə ətraflı məlumat verdikdən sonra görüşünün məqsədinin seçicilərlə səmimi ünsiyyət qurmaq, qarşılıqlı etimad formalaşdırmaq olduğunu deyərək onlara müraciət edib: “Artıq sözün bütün mənalarında sizi dinləməyin zamanı yetişib.”
Seçicilər Vüqar Bayramova güvəndiklərini, respublikada və beynəlxalq aləmdə Füzuli rayonunu daha yaxşı təmsil etməsi üçün onda bütün xüsusiyyətlərin cəmləşdiyini bildiriblər. Seçicilərin fikrincə, məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması, müvafiq dövlət qurumları ilə müzakirə edilməsi və hökumətə təqdim edilməsi üçün Vüqar Bayramovun biliyi və təcrübəsi yetərlidir.
Vüqar Bayramov seçiciləri əmin edib ki, əgər seçicilər onu dəstəkləsə, Milli Məclisdə təmsil olunduqdan sonra seçicilərlə tez-tez görüşə gələcək, onları maraqlandıran məsələlərin həll olunmasına çalışacaq, bu barədə parlamentdə məsələ qaldıracaq, bütün respublikada nümunəvi millət vəkili olacaq: “Mən əməlimlə, fəaliyyətimlə seçiminizin yanlış olmadığını göstərəcəm, siz bunu parlament seçkilərindən az müddət sonra özünüz görəcəksiniz və həmişə mənimlə fəxr edəcəksiniz.”
Görüşdə deputatlığa namizədin vəkilləri Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov da iştirak ediblər.