Tanınmış hərbi veriliş aparıcısı da seçkilərə qatıldı
Daha bir həmkarımız parlament seçkilərində iştirak edəcək.
Uzun illər İctimai TV-də “Salam əsgər” hərbi verilişinin aparıcısı olan və hazırda ATV-nin “Marş irəli” verilişində çalışan İsmayıl Balacanov da 6-cı çağırış Milli Məclisə növbədənkənar seçkilərinə qatılıb.
Jurnalistika fəaliyyətinə “Space” və “AZTV”-dən başlayan və hərbi-vətənpərvərlik verilişlərinin aparıcısı kimi tanınan telejurnalistin namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən qeydə alınıb.
Qeyd edək ki, İ.Balacanovun hərbi-vətənpərvərlik proqramları cəmiyyətdə həmişə böyük rəğbətlə qarşılanıb. Buna görə də həmkarları arasında böyük nüfuza sahib olan telejurnalist parlament seçkilərinə qatılmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib. Həmkarımız parlamentə vəsiqə qazanacağı təqdirdə media ilə yanaşı hərbi məsələlərin də həlli ilə bağlı təkliflərlə çıxış etməyi planlaşdırır.