Hakan Şükür Amerikada taksi sürücüsüdür
Türkiyə futbolunun əfsanələrindən sayılan Hakan Şükür ABŞ-da taksi sürücüsüdür.
Bu barədə Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Alman nəşri “Welt am Sonntag”a özü məlumat verib.
Nəşr yazır ki, barəsində Türkiyədə saxlanma qərarı çıxarılan futbolçu 2015-ci ildə ABŞ-a köçüb. Dünya kuboku tarixində ən erkən qol vurmuş 45 yaşlı yaşlı oyunçu orada əvvəlcə kafe açıb, bizneslə məşğul olub. Sonradan onu bağlayaraq Uber sürücüsü kimi fəaliyyətə başlayıb. Hazırda smartfonlarla sifariş qəbul edir və sürücülüklə ailəsini dolandırır.
Qeyd edək ki, Hakan Şükür 36 yaşında futboldan getdikdən sonra bir müddət ekspert kimi çalışıb və sonra siyasətə qoşulub. O, 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilmiş seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi millət vəkili seçilib.
Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan Hakan Şükür və atası Selmet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) maddi dəstək verdikləri iddiası irəli sürülüb. Hazırda atası Sakaryada mühakimə olunur və əmlakına həbs qoyulub.(virtualaz)