Açıq məkanda heyvan kəsimi yenə etiraz doğurdu: "4 yaşlı qızım gözünü yumur..."




“Səhərlər qəssabxananın qarşında, elə yolun kənarında heyvan kəsilir, qanı axıdılır, ətrafa pis qoxu yayılır. O yolla məktəbə, bağçaya gedən uşaqlar hər gün bu mənzərənin şahidi olur. 4 yaşlı qızım yerdəki qanı, heyvanın kəsilmiş başını görməmək üçün gözünü yumub keçir. Açıq yerdə heyvan kəsimi azyaşlılara çox pis təsir edir. Həm qorxur, həm də iyrənirlər”.



Bu barədə AFN-ə Xətai rayonunda yaşayan tanınmış jurnalist Vüsal Qarayev məlumat verib. O, bildirib ki, Xətai rayonunda yerləşən 55 saylı uşaq bağçasının yaxınlığında qəssabxana fəaliyyət göstərir: “Heyvanlar açıq şəkildə, uşaqların gözü qarşısında kəsilir. Başa düşürəm ki, qəssab da çörək pulu qazanmalıdır. Amma bu şəkildə olmaz. Gərək hər kəs yediyi çörəyə hörmət etsin”.

Problemin psixoloji tərəfini öyrənmək üçün psixoloq Tahibə Qiliyeva ilə həmsöhbət olduq. Onun sözlərinə görə, əhaliyə açıq yerdə heyvan kəsmək bir sıra insanlarda travma yarada bilər: “Vətəndaşların gözü qarşısında heyvanı kəsir, sonra da başını, dərisi, içalatını elə yolun kənarına atırlar. Bu mənzərə tək uşaqlara deyil, qana həssaslığı olan böyüklərə, hamilələrə də pis təsir edir. Nəticədə psixoloji halın gərginləşməsi, yuxu pozulması, qarabasmaların yaranması kimi bir sıra psixoloji travmalara səbəb ola bilər. Odur ki, heyvan kəsimi yalnız qapalı məkanlarda həyata keçirilməlidir”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Aysel Fərziyeva AFN-ə
bildirdi ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına uyğun olmayan yerlərdə heyvan kəsimi qanunsuzdur: “AQTA bu cür qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün nəzarət tədbirləri həyata keçirir. Şikayət olunan ünvanı araşdırıb, problemi aradan qaldırmağa çalışacağıq”.
Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu