Sahibkarlardan AQTA-ya etiraz: "Bizdən rüsum hər məhsula görə alınır"


Qida Təhlükəsizliyi Agentliyinin ət kəsimi üçün tətbiq etdiyi rüsum sahibkarları narazı salıb.


AFN-ə müraciət edən sahibkarlar bildirirlər ki, Agentlik ət kəsimi üçün konkret məbləğdə rüsum tətbiq etmir, bu məbləğ hər kəsim üçün alınır. Belə ki, kəsilən hər baş quş üçün 5 qəpik, iri mal üçün isə daha artıq rüsum alınır. Sahibkarlar iddia edirlər ki, bu da son nəticədə bazara çıxarılan ətin qiymətinə təsir edir, məcburən məhsulu baha satmalı olurlar: “Müəssisəyə birdəfəlik lisenziya verilməsi daha məqsədəuyğun olar”.
Ümumiyyətlə, heyvan kəsimi üçün fermalara hansı rüsum qoyulur? AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi AFN-nin bu barədə müraciətini cavablandırıb: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olaraq bildirmək istəyirik ki, qeyd etdiyiniz məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri var. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanunun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 141 nömrəli Fərmanı ilə heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri təsdiq edilib. Bu dərəcələrə əsasən, qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün dövlət rüsumunun məbləği 5 manatdır. Qoyun və donuz əti üçün 4 manat, diri quş və quş əti üçün 0,05 qəpik təşkil edir. Bundan başqa içalat, dil, baş, dırnaq üçün 3 manat, balıq 3,50, yumurta topdansatış 2,50, süd və süd məhsulları, mum 2,60, arı balı isə 4,50 qəpik nəzərdə tutulub”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu