NATO baş katibi: "Heç bir NATO ölkəsi Türkiyə qədər terrora məruz qalmayıb"
"Heç bir NATO ölkəsi Türkiyə qədər terrora məruz qalmayıb". Bu fikirləri Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq "Hürriyet"ə müsahibəsində səsləndirib.
Baş katib Türkiyənin Suriyada başladığı "Barış Pınarı" anti-terror əməliyyatı ilə əlaqədar məsələlər barədə danışıb. O, PKK/YPG nəzarətində olan ərazilərdəki həbsxanalarda saxlanılan İŞİD terrorçularının qaçmamasının vacibliyini vurğulayıb:
"Türkiyəli rəsmilər İŞİD üzvləri məhbuslarla əlaqədar bizə zəmanət verib. Beynəlxalq koalisiya İŞİD əleyhinə böyük uğurlar əldə edib, nailiyyətlər təhlükəyə atılmamalıdır. Bölgədə gərginliyi artırmamaq üçün İŞİD üzvləri həbsda qalmalıdır. Mən bu məsələdə Türkiyəyə güvənirəm. Suriyada həbsdə saxlanılan terrorçular və ailələrinin aqibəti barədə beynəlxalq ictimaiyyət müzakirələr aparmalı və məsələnin həlli üçün çalışmalıdır. Problemin həlli NATO-nun işi deyil, lakin NATO müttəfiqlərinə təsir göstərir".
Y.Stoltenberq Türkiyənin NATO üzvü ölkələrin dəstəyini geri çəkməsi ilə bağlı narazılıqlarına da toxunub. O, açıqlamasında bildirib:
"İtaliya və İspaniya NATO çərçivəsində verdiyi hava dəstəyini geri çəkib. Təşkilat üzvü ölkələr müttəfiqləri ilə bir illik razılıq əldə edir. Ölkələr növbəti il bu müddəti artıra, və ya yeni tərəfdaş tapa bilər. Hazırda bununla bağlı yekun qərar verilməyib. Fransa da daxil olmaqla digər ölkələrlə Türkiyə arasında danışıqlar davam etdirilir. Suriya məsələsi ilə əlaqədar onu deyə bilərəm ki, NATO-nun Suriyada əməliyyata quru dəstəyi verməyi mümkün deyil. Təşkilat Türkiyəyə dəstəyini artırıb. Türkiyənin "S-400" havadan müdafiə sistemini alması isə öz qərarıdır. Biz bu ölkənin qəbul etdiyi qərarların nəticələri ilə maraqlanırıq. Lakin bunu deyə bilərəm ki, "S-400" sistemlərinin NATO müdafiə sistemləri ilə birlikdə çalışması mümkün deyil". (Qaynarinfo)