Uşaqlarda türkəçarəni müasir tibb qəbul edirmi? - Pediatrlarla SORĞU




Əsrlərlə yaşı olan xalq təbabəti bu gün də insanlar tərəfindən istifadə olunur. Müasir tibb və əczaçılıq türkəçarə vasitələri günümüzdən xeyli sıxışdırıb çıxarsa da, hələ də təbii üsullara müraciət edən, bu yolla şəfa tapdığını söyləyən xəstələr var.



Maraqlıdır, tibbin elm olaraq, xalq təbabətinə yanaşması necədir? Əczaçılıq təbii vasitələri də dərman qismində qəbul edirmi? Türkəçarə üsulların insan orqanizminə, xüsusən də uşaqlara hər hansı bir zərəri, təhlükəsi var? Mövzuya aydınlıq gətirmək məqsədi ilə pediatrlar arasında sorğu keçirdik.



Pediatr Günay Rəsulova AFN-in
sorğusuna cavab olaraq bildirdi ki, türkəçarə metodlar təbii olsa da, tamam zərərsiz deyil: “Bitki tərkibli vasitələrin istifadəsi uşaqlarda ilk növbədə allergiya riski yaradır. Digər tərəfdən zənn edildiyi qədər də təhlükəsiz deyillər. Təcrübəmizdə bitki istifadəsindən zərər çəkən xəstələrlə də qarşılaşmışıq. Mən həkim olaraq, xalq təbabətinin tam əleyhinə deyiləm. Amma dünya tibbində xəstəliklərə dair qəbul olunmuş protokollar var. O protokallara əsasən, bitki tərkibli dəmləmələr, türkəçarələr effekti sübut olunmamış vasitələr hesab olunur. Odur ki, xalq təbabətinə dair üsulları təyinata yaza bilmərik. Yalnız dərmanla yanaşı köməkedici vasitə kimi reseptə əlavə etmək olar”.



Digər pediatr Xəyalə Quliyeva da xalq təbabəti ilə bağlı mövqeyini AFN-ə açıqladı: “Türkəçarələr müalicə vasitə deyil, əlavə köməkçi üsullardır. Məsələn, mən keçibuynuzu bəhməzindən geniş istifadə edirəm. Çox faydalı bir vasitədir. Lakin qeyd etdiyim kimi, xəstəni yalnız xalq təbabəti ilə sağaltmaq doğru deyil. Əsas müalicə təyin edilməli, türkəçarələr isə köməkçi qismində yazıla bilər. Bir misal çəkim. Soyuqdəymə və öskürək zamanı çox vaxt heyva tumunu dəmləyib uşağa verirlər. Zökəm əlamətləri başlayıbsa, ilk 2-3 gündə heyva tumu xəstəliyi ağırlaşmağa qoymaz, xəstənin vəziyyətini nisbətən yüngülləşdirər. Amma bu, o demək deyil ki, başqa müalicə artıq lazım deyil. Paralel olaraq, protokol üzrə dərmanlar da təyin edilməlidir”.

X.Quliyeva onu da vurğuladı ki, xalq təbabətindən özbaşına deyil, yanız həkim nəzarətində istifadə etmək məsləhətdir: “İki gün əvvəl ağır astma tutmaları olan 6 yaşlı xəstəni müayinə etdim. Məlum oldu ki, anası öskürdüyü üçün turpla bal verib. Uşaqda bala qarşı allergiya olduğu üçün 5-10 dəqiqə sonra çox ciddi bronx tutulması baş verib. Biz çox çətinliklə xəstəni ağır vəziyyətdən çıxara bildik. Təbii olsa da, türkəçarələr bu cür ağır fəsadlar verə, hətta ölümlə də nəticələnə bilər”.



Sorğuda iştirak edən pediatr Lamiyə Fərzəliyeva isə xalq təbabəti ilə məşğul olmadığını, uşaqlarda effektini görmədiyini bildirdi: “Mən pasientlərimə türkəçarə vasitələr təyin etmir, nə də məsləhət görmürəm. Bunlar təbii üsullar olsa da, xüsusən də allergiyası olan uşaqlarda ağırlaşmalar yarada bilər”.



Pediatr Elza Məhərrəmova da xalq təbabətini tamam inkar etmədiyini, lakin reseptə dərman kimi yazmadığını söylədi. O, bildirdi ki, xalq təbabətindən birdəfəlik imtina etmək mümkün deyil: “Uşaqlıqdan türkçarə üsullar çox görmüşük. Onları həyatımızdan tamam çıxara bilmərik. Yenə də istifadə edənlər tapılacaq. Mənim bu mövzuya münasibətim belədir: xalq təbabəti əsas müalicə deyil. Xəstələr qəbul olunmuş protokollar əsasında müalicə edilməlidir. Türkəçarələrdən isə əlavə, köməkçi vasitə kimi yararlanmaq olar.

İnsanlar elə zənn edirlər ki, təbiidirsə, deməli təhlükəsizdir. Amma belə deyil. Xüsusən də allergiyası olan uşaqlarda çox böyük problemlər yarada bilər”.

Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu