Qırmızı geyinmək qızılca xəstəliyinə niyə yaxşı təsir edir? – pediatr açıqladı
Son aylarda uşaqlar arasında geniş yayılmış qızılca xəstəliyi ilə bağlı xalq arasında maraqlı miflər dolaşır. Bunlardan biri də qızılcaya tutulan uşağın qırmızı geydirilməsidir. Xalq inancına görə, bu zaman xəstəlik daha yüngül keçir.
Bəs bu, nə dərəcədə doğrudur? AFN.az xəbər verir ki, pediatr Günay Rəsulova bu məsələyə aydınlıq gətirib. O bildirib ki, qızılca kimi müalicəsi olmayan, öz dövrünü başa vurmamış sağalmayan xəstəliklərdə insanın ruh halının, psixoloji durumunun yaxşı olması, sağalacağına inanması çox vacibdir: “Bu, təbii ki, orqanizmin immunitetini möhkəmləndiri. Yəni qızılca xəstəsi olan bir şəxs qırmızı geyinərsə sağalacağına inanırsa, təbii olaraq, bütün orqanizmin daxili sistemləri, hormonları, psixoloji durumu sağalma prosesinə yönəlik çalışmağa başladığına görə bu hal sağalmanı tezləşdirir. Amma qızılca xəstələrinin qırmızı geyinməsinin sağalma prosesini sürətləndirdiyinə dair bir elmi sübut yoxdur. Belə təcrübə yoxlanılmamışdır, qızılca xəstələrinin qırmızı geyinmə vacibliyi də tibbi olaraq sübuta yetirilməyib”.